Turizm üçün əlverişli şərait və müvafiq infrastruktur yaradılır
Sosial həyat

Turizm üçün əlverişli şərait və müvafiq infrastruktur yaradılır

Müşahidələrimizə görə, paytaxt əhalisinin əksəriyyəti istirahət üçün respublikamızın füsunkar təbiəti olan bölgələrimizə üstünlük verir. Gəncənin Hacıkəndini, "Cənub mirvarisi" adlandırılan Lənkəranı, Qubanın Xınalığını, İsmayıllının Lahıcını, Qəbələnin Vəndamını, Qaxın İlisu, Zaqatalanın qədim Car kəndini necə gedib görməyəsən. Cənnət-məkanımız Azərbaycanın o qədər görməli-gəzməli yerləri var ki, bu yerlər insanın sanki ruhunu təzələyir.

Azərbaycan öz təbiəti, tarixi abidələri ilə turizmin inkişafı üçün olduqca perspektivli məkandır və buna görə də ölkəmiz müstəqillik yoluna qədəm qoyduqdan sonra bu sahəyə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Əsrarəngiz təbiətimiz, gözəl iqlim şəraiti bu ölkəyə gələn turistləri heyran edir.

Son illər ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Artıq respublikamız turizmlə bağlı reytinq cədvəllərində də öndə gedən ölkələr sırasındadır. Prezident cənab İlham Əliyev turizmin əhəmiyyətini vurğulayaraq demişdir: "Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir".

 2016-cı ildən başlayaraq sentyabrın 27-si ölkəmizdə "Turizm işçiləri günü" kimi qeyd olunurdusa, Prezident İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən ötən ildən etibarən turizm işçiləri hər il sentyabr ayının 29-nu peşə bayramı günü kimi qarşılayırlar.

 Bu gün digər bölgələrimizlə yanaşı, azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açdı. Bu mənada, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi daha cəlbedici görünür.

 Qarabağ bölgəsi Azərbaycanın yaşıllıqlarla zəngin olan bir ərazisidir. Belə bir unikal təbii iqlim xüsusiyyətləri ərazidə aqroturizmin və kənd-yaşıl turizminin də inkişafı deməkdir.

 Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məbuata açıqlamasında bildirib ki, "Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Füzuli şəhəri Qarabağın hava qapısı adlandırılır. Burada nəqliyyat və logistika müasir standartlar əsasında qurulub, beynəlxalq hava limanları istifadəyə verilib. Zəngəzur dəhlizinin Füzuli rayonunun ərazisindən keçməsi turizm potensialının gerçəkləşdirilməsi üçün mühüm zəmin yaradıb. Füzuli həm təbiəti, həm də tarixi-arxeoloji abidələri ilə Azərbaycanın ən zəngin bölgələrindən biridir. Xocavənd rayonunun da təbiəti çox gözəldir. Dağ, meşə və vadilərin füsunkarlığı insanı valeh edir. Ağdam və Füzuli ilə müqayisədə Xocavənd ciddi şəkildə dağıdılmayıb. Onun turizm potensialı geniş və çoxşaxəlidir. Xüsusilə Tuğ kəndi daha çox turist cəlb edə bilər. Tuğun tarixi memarlıq üslubunu saxlamaqla burada mədən turizmi, zəngin təbiətindən istifadə etməklə ekoturizmi inkişaf etdirmək mümkündür. Onun aqroturizm potensialı da böyükdür. Suqovuşanda turizm kompleksinin tikintisinə başlanılıb. Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir".

 M.MİRZƏ,

 "Respublika".