Türkiyə İsrail-HƏMAS davasında tərəfləri sakitliyə və soyuqqanlı olmağa dəvət edir
Gündəm

Türkiyə İsrail-HƏMAS davasında tərəfləri sakitliyə və soyuqqanlı olmağa dəvət edir

Dünyada qaynar ocaqların sayı getdikcə artır. Rusiya-Ukrayna davası bitmədən, indi də İsrail-HƏMAS (Fələstin) savaşı başlayıb. Daha dəqiq desək, sönmüş ocaq yenidən və daha təhlükəli şəkildə alovlanıb. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücuma keçib. Buna cavab olaraq, İsrail ordusu "Dəmir qılınclar" adlı hərbi əməliyyata başlayıb. HƏMAS terror təşkilatının mülki şəxslərə, xüsusilə də uşaqlara və qadınlara qarşı həyata keçirdiyi hücum ən ağır terror hadisəsidir.

"Terror hardan gəlirsə-gəlsin, birmənalı olaraq qəbuledilməzdir. Yəni, günahsız, sadə vətəndaşların raket hücumuna, terrora məruz qalmasını, onların yaralanmasını və öldürülməsini şiddətli şəkildə qınayırıq. Bunu bütün dünyaya bəyan edirik ki, istər Ukraynada, istər Gəncədə, istərsə də Qəzzada olsun, biz terroru, onu həyata keçirənləri qətiyyətli şəkildə pisləyirik". Bu fikri HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumundan sonra yaranmış durumu dəyərləndirən politoloq Güngör Yavuzaslan açıqlamasında vurğulayıb.

Politoloq deyib ki, məsələyə qısa, orta və uzun müddət prizmasından yanaşmaq lazımdır. Münaqişə qısa müddət davam edərsə, prosesdən HƏMAS-ın qazanclı çıxacağı kimi görünür. Lakin müharibə uzanarsa, qazanclı çıxan İsrail və ABŞ, həmçinin silah şirkətləri olacaq. Əgər biz hadisəyə Türkiyə və Azərbaycanın mövqeyindən yanaşası olsaq, o zaman İsrailin Vətən savaşı və ondan sonrakı dövrdə Azərbaycana mənəvi, siyasi dəstəyi məlumdur. Türkiyə prizmasına gəlincə, keçən həftə Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında ölkəmizin mövqeyi bəyan edildi. Türkiyə tərəfləri sakitliyə, soyuqqanlı olmağa və ağıllı davranmağa dəvət edib.

Bu hadisələrlə bağlı xarici işlər nazirimiz tərəflərlə təmas halındadır. Hadisə genişmiqyaslıdır, onu qısa zaman ərzində dəyərləndirmək mümkün deyil. Mənə görə bu hadisələr, Orta Doğuda regional savaşa və strateji, geosiyasi dəyişikliyə səbəb olacaq. Çünki enerji mənbəyi kimi tanınan Orta Doğuda hər bir nəhəng dövlətin öz maraqları var. Arzu edirəm ki, iki tərəfdə də günahsız mülki insanlar bu hadisələrdən təsirlənməsin.

Güngör Yavuzaslanın sözlərinə görə, son proseslərdə Üçüncü Dünya müharibəsinin başlaması üçün dəridən-qabıqdan çıxan bəzi xarici mərkəzlərin çox rolu var: "Hesab edirəm ki, Orta Doğuda, Ukraynada və Qafqazda hərbi toqquşmalar üçün müxtəlif oyunlara baş vuran həmin xarici mərkəzlər, bu nöqtələrdəki problem sahələrini birləşdirərək, ölkələri tərəf seçməyə, savaşın bir tərəfi olmağa məcbur edirlər. Bu da Üçüncü Dünya müharibəsi üçün rol oynayan məqamlardan biri ola bilər. Ümumiyyətlə, bu terror hücumu bir çox sahələrə və dövlətlərarası münasibətlərə öz mənfi təsirini göstərəcək. Mənə görə yaxın 6 ay ərzində çox güman ki, dünya gündəmini İsrail-Fələstin qarşıdurması zəbt edəcək".

Onu da qeyd edək ki, İsrail və Fələstində baş verən hadisələr və regional gərginliklə bağlı Rəcəb Tayyib Ərdoğanın İsrail Prezidenti İshak Hersoq ilə telefon danışığı olub. Danışıq zamanı Qəzza sakinlərinə fərq qoymadan zərər verə biləcək hər hansı addımın bölgədəki gərginliyin səviyyəsini daha da artıracağını vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan, sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.