Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş
Sosial həyat

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

Dövlət gənc fermerlərə hərtərəfli qayğı göstərir. Bunun bir yolu da dövlətin maliyyə dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsidir. “Yüksəliş” müsabiqəsinin Mentorluq (müəyyən bir sahədə təcrübəsi və məlumatı olan şəxs) proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb. Məcnun Məmmədov qalibləri təbrik edib və mentoru olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, potensiallarının üzə çıxarılmasına dəstək olacağını bildirib.

Görüşdə nazir müsabiqə qaliblərini Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün tapşırıqlar verib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir.

Nəriman Cavadov,

“Respublika”.