Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə milli inkişaf mərhələsinin əsası qoyuldu
Digər xəbərlər

Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə milli inkişaf mərhələsinin əsası qoyuldu

Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən o zaman SSRİ-nin tərkibində müttəfiq respublikalardan biri olan Azərbaycanın həyatında baş verən dəyişikliklərə, iqtisadiyyatdan mədəniyyətə, enerji sektorundan hərbi sahəyə qədər görülən bütün işlərə bu günün azad insanının baxış bucağından nəzər salsaq, hər şeyin xalqımızın azad və müstəqil yaşamasına xidmət etdiyini görə bilərik.

Əlli dörd il əvvəl Ulu Öndərin ilk dəfə Azərbaycana rəhbər seçilməsi ilə SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının yaratdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycan özünün milli inkişaf mərhələsinə qədəm qoydu. Ölkənin gələcəkdə müstəqil yaşamasının təməli atıldı, Azərbaycanın istiqlalının ideoloji eskizləri cızıldı, dövlət idarəçiliyinin dövrün tələblərinə uyğun mexanizmləri yaradıldı.

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra, qeyri-rəsmi olaraq SSRİ-nin "ucqar əyalət-respublikası" statusunun daşıyıcısı olan, ittifaq daxilindəki siyasi və mədəni proseslərdən kənarda saxlanılmış Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxardı. Azərbaycan Heydər Əliyevin iti zəkası, çevikliyi və prinsipiallığı nəticəsində SSRİ-nin iqtisadi-siyasi və mədəni mərkəzlərindən birinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulun 14-dən başlayaraq atdığı bütün addımları, qəbul etdiyi bütün qərarları sıralasaq, onların bir-biri ilə bağlı olduğunu və vahid bir strategiyaya söykəndiyini müəyyənləşdirə bilərik. İlk növbədə, Azərbaycanın əsasən aqrar respublikadan sənaye ölkəsinə çevrilməsi istiqamətində addımlar atıldı. Azərbaycan üçün ənənəvi olan neft sektoru daha da gücləndirildi, təkcə paytaxt Bakıda deyil, Sumqayıt, Gəncə kimi şəhərlərdə iri sənaye müəssisələri açıldı. Regionlarda da sənaye və emal müəssisələrinin yaradılması istiqamətində ciddi işlər aparıldı, böyük infrastruktur layihələri reallaşdırıldı. Bütövlükdə Azərbaycanın milli iqtisadiyyatının sovet təsərrüfat sistemi çərçivəsində olsa belə, əsası qoyuldu.

Dövlətin gələcəkdə müstəqil yaşaması, inkişafı üçün vacib olan amillərdən biri də kadr potensialı ilə bağlı idi. Ümummilli Lider bu istiqamətdə də strateji qərarlar qəbul etdi və uğurlu nəticələrə nail olundu. Əgər 1969-cu ilədək hər il respublikamızdan kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 47 nəfər idisə, Ulu Öndərin səyləri nəticəsində bu rəqəm 1000-1400 nəfərə çatdırıldı. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil aldı. Bugünkü müstəqil Azərbaycanın qurulmasında da məhz həmin gənclər aparıcı mövqelərdə dayanıblar.

Dövlətin çox vacib atributlarından biri də onun silahlı qüvvələridir. Kimsəyə sirr deyil ki, 1969-cu ilədək azərbaycanlıların ali hərbi məktəblərdə oxumasına böyük qısqanclıqla yanaşır, xalqımızın nümayəndələrinin hərbi bilik və vərdişlərə yiyələnməsinə süni maneələr yaradırdılar. Heydər Əliyev bu sahədə də bütün maneələri dəf etdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan Pedaqoji İnstitutunda ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsi yaradıldı. Yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərinə göndərildi. Təkcə 1982-ci ildə 550 azərbaycanlı gəncin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərildiyini nəzərə alsaq, bu sahədə əldə olunan nəticələrin miqyasını müəyyənləşdirmək olar.

SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar, 70-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar. Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da həmçinin yaxşı başa düşürlər.

Əgər bir xalqın milli şüuru oyanmayıbsa, dövlətçilik yaddaşı bərpa olunmayıbsa, onun içərisindən nə qədər hərbçi, mütəxəssis, alim, mədəniyyət və ədəbiyyat adamı çıxmasına baxmayaraq, son nəticədə, başqalarının mənafeyinə xidmət edəcəkdi. Ulu Öndər geniş dünyagörüşünə, iti və çevik zəkaya, möhkəm iradəyə malik bir dövlət xadimi kimi bunu yaxşı bilirdi və bu səbəbdən də milli şüurun oyanması, dövlətçilik ənənələrinin bərpa olunması üçün olduqca incə bir siyasət həyata keçirirdi. Azərbaycan ərazisində mövcud olan dövlətlərin, o cümlədən Azərbaycan Səfəvi dövlətinin tarixi ciddi şəkildə araşdırılırdı. Azərbaycan xalqının qədim dövlətçilik ənənələrinin yer aldığı filmlər çəkilir, əsərlər yazılırdı. Azərbaycanı, azərbaycançılığı, paytaxt Bakını və qədim şəhərlərimizi, milli qəhrəmanlarımızı vəsf edən mahnılar bəstələnir və onların təbliği üçün böyük işlər görülürdü. Azərbaycan xalqının özünəinam hissi özünə qaytarılırdı. 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması isə Azərbaycan xalqının milli kimliyinin, identikliyinin hüquqi müstəvidə təsdiqi idi.

Əslində Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasına 1967-ci ildən, Milli Təhlükəsizlik Komitəsinin sədri olarkən başlayıb. O, ilk növbədə təhlükəsizlik orqanını milliləşmənin qarşısında dayanacaq, maneə yaradacaq xəyanətkarlardan və mərkəzi hakimiyyətin casus şəbəkəsindən təmizləmişdi. 1969-cu ildən etibarən isə o, Azərbaycan dövlətçiliyi strategiyasını addım-addım həyata keçirməyə başladı.

Qeyd olunanlara Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi olmaqla bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə əzəmətlə göründüyünü deyə bilərik.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.