“Yaşıl dünya naminə həmrəylik ili”
Gündəm

“Yaşıl dünya naminə həmrəylik ili”

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini vermişdir və bu gün davam edən təşəbbüslər Azərbaycanın prosesdə israrlı olduğunu göstərir.

Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərləri qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatə etməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir.

2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, cənab İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksəkkeyfiyyətli ekoloji mühitə və "yaşıl enerji" məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılmışdır.

Bildiyiniz kimi, Azərbaycan 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqləyib. 18 iyul 2000-ci ildə isə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya etmiş, 2016-cı il aprelin 22-də isə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə sənədə qoşulmuşuq. Bu mənada, cənab İlham Əliyevin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmağı milli prioritet kimi müəyyən etməsi hələ əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi.

Məlumdur ki, 30 illik işğal dövründə Livanın ərazisi qədər olan ərazilərimiz yaşıllıqların məhv edilməsi, yandırılması, təbii sərvətlərin talanması fonunda ekosidə məruz qalıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Bu gün isə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində dövlət başçısının qoyduğu tapşırıqlar qlobal miqyasda Kioto və Paris sənədləri üzrə çox azsaylı praktik addımlardan hesab edilir. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan subyektlər də əks arqument tapmadı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Cənab İlham Əliyevin ifadə etdiyi kimi, bu, "beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir".

Bu gün qarşısında çoxsaylı çağırışları olan Azərbaycanın hərbi-siyasi gücünün, iqtisadi inkişafın və sosial rifahın artırılması istiqamətində prioritetlərlə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və genişləndirilməsi, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi vəzifələr müəyyən etməsi qlobal müstəvidə ciddi hadisədir. Müşahidələr isə beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olan ölkəmizin COVID-19-la mübarizədə olduğu kimi, iqlim dəyişiklikləri üzrə qlobal səylərin birləşdirilməsi üzrə təşəbbüsü də ələ almaq və bu istiqamətdə əsas oyunçulardan birinə çevrilmək perspektivindən xəbər verir. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və cənab İlham Əliyevin qlobal lider kimi məsələyə necə və haradan yaxınlaşmaq bacarığını və prosesi uğurlu məcraya yönəldə biləcəyini göstərir.

Bəhruz MƏHƏRRƏMOV,

deputat.