Yeni imkanlar üçün əlverişli dialoq və əməkdaşlıq formatı
Ekologiya

Yeni imkanlar üçün əlverişli dialoq və əməkdaşlıq formatı

COP29 Azərbaycanın müstəqilliyinin bərpasından sonra baş verən ən mühüm beynəlxalq hadisələrdən biridir və tədbirin ölkəmizdə keçirilməsi həm respublikamız, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl bu mötəbər toplantı Azərbaycanın nüfuzunu  daha da artıracaq, eyni zamanda dünyanın diqqətini ölkəmizə yönəldəcək və onun davamlı inkişaf prinsiplərinə bağlılığının ifadəsi olacaq. Bu, həm də Azərbaycana iqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini nümayiş etdirmək və "yaşıl texnologiya"lara investisiya cəlb etmək üçün fürsət yaradacaq. Bir sözlə, COP29 "yaşıl" texnologiyaların və investisiyaların inkişafına stimul verəcək, ölkəmizdə yeni biznes imkanlarının və iş yerlərinin yaradılmasına yol açacaq.

Tarixi mənbələrə görə, 1450-1850-ci illərdə Avropada və dünyanın əksər yerlərində kiçik buzlaşma dövrü baş verib və nəticədə temperatur kəskin şəkildə aşağı düşüb. Yalnız 100 ildən sonra Yer kürəsinin temperaturu tədricən artmağa başlayıb. O vaxt alimlər bunu iqlim dəyişmələrinin yeni fazası kimi başa düşüblər. Lakin XX əsrin əvvəllərində ilk həyəcan təbili çalındı və bunun ən bariz nümunəsi isə 1988-ci ildə NASA alimi Ceyms Hansen tərəfindən ABŞ Senatına göndərilən müraciətdir. Həmin müraciətdə Ceyms Hansen və onun iş yoldaşları göstərirdilər ki, dünyada qlobal iqlim dəyişmələri baş verir. Yer kürəsinin iqlimi getdikcə istiləşir. Sənayenin inkişafı atmosferə atılan istixana qazlarının miqdarının getdikcə artmasına səbəb olur. Məlumdur ki, həmin dövrdə nəqliyyat vasitələri, zavodlar, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində istixana qazları atmosferə buraxılırdı. Məhz müxtəlif fikir ayrılıqlarına son qoyulması və  insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalandı. Konvensiyaya üzv 198 ölkə var və beynəlxalq sferada ümumi rəyin formalaşdırılması baxımdan bu, olduqca yüksək rəqəmdir. Bununla yanaşı, tərəflərin fərqli qərarı olmazsa, COP-un hər il keçirilməsi nəzərdə tutulub ki, bu da proseslərin nizamlanması üçün əlverişlidir.

Qlobal problemin həlli istiqamətində atılan addımların gələcək yol xəritəsini müəyyənləşdirmək üçün növbəti ünvan kimi məhz Azərbaycanın seçilməsi ölkəmizə inam və etimadın göstəricisidir. Qeyd edək ki, ölkəmizdə yüksək hazırlıq prosesi başlanıb.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf və möhkəm ictimai siyasi sabitlik mühiti formalaşıb. Xüsusilə, mötəbər tədbirlərə ev sahibliyi etməyimiz onu deməyə əsas verir ki, COP29 dünyaya yeni nəfəs gətirəcək. Məlumdur ki, Azərbaycan BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etmiş və növbəti sədrlərə uğurlu miras qoymuşdur. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibi seçilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı və səfər çərçivəsində baş tutan görüşlər beynəlxalq ictimaiyyətdə məmnunluqla qarşılandı. COP29-un keçirilməsinə böyük inam və dəstəyin ifadə olunduğu Berlin səfəri məhsuldarlığı ilə seçildi. "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına müsahibəsində ölkə başçımız beynəlxalq ictimaiyyətə bir sıra mesajlar verdi: "Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir".

COP29-a ev sahibliyi təkcə ekoloji cəhəti ilə deyil, həm də 2024-cü ilin ən mühüm hadisəsi olaraq ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının reallaşması baxımından ön plana çıxır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Xüsusilə Avropanın diqqət mərkəzində məhz COP29 xüsusi yer tutur.

Qeyd edək ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai ADA Universitetində "COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər" mövzusunda keçirilən tədbirdə qeyd edib ki, Avropa İttifaqı COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün yollar və planlar təklif etməyə, nəqliyyat, sənaye və ekoloji həllər sahələrində iqlim siyasətinin təşviqində Azərbaycana dəstək verməyə hazırdır.

COP29-un ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsinin göstəricisidir.

Nurlan ABDALOV,

"Respublika".