Zakir Həsənovun Türkiyəyə səfəri iki ölkə arasında hərbi müttəfiqliyi gücləndirəcək
Gündəm

Zakir Həsənovun Türkiyəyə səfəri iki ölkə arasında hərbi müttəfiqliyi gücləndirəcək

Ötən həftə ardıcıl olaraq Türkiyənin Müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Metin Gürakın Azərbaycana səfəri əlamətdar hadisə idi. Belə ki, Prezidentin şəxsən qəbul etdiyi iki yüksək vəzifəli şəxslə hərbi əməkdaşlıq perspektivləri əsasında aparılan müzakirələr hər iki dövlətin bölgədə bir güc altında təlimlərini artırmasına yönəlib. Bunun müqabilində bü gün Türkiyədə Silahlı Qüvvələr günü və Zəfər bayramının qeyd olunduğu ərəfədə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri iki ölkə arasında hərb sahəsində müttəfiqliyi gücləndirməyə hesablanmış addımdır.

Bu barədə hərbi ekspert Rövşən Məhərrəmov “Respublikaya” öz fikirlərini bildirib: "Türkiyə Milli Müdafiə naziri vəzifəyə yeni təyin olunduqdan sonra ilk səfərini qardaş dövlət Azərbaycana edib. Bu səfərin böyük əhəmiyyəti var. Şuşa bəyannaməsi həm Azərbaycan, həm Türkiyə üçün regionda çox vacib rol oynayır. Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisinin səfəri Azərbaycan üçün çox böyük önəm daşıyır. Bu o deməkdir ki, Türkiyə həm hərbi sahədə müttəfiqimiz, həm qardaş dövlətdir. Bu region üçün bir mesajdır. Türkiyə dövləti olaraq və Azərbaycanı heç vaxt tək buraxmayacağıq, hansı ki, Rəcəb Tayyib Ərdoğan da dəfələrlə vurğulayıb ki, Azərbaycan tək deyil, Azərbaycanın Türkiyə kimi böyük qardaşı var və hər zaman Azərbaycanın yanındayıq.”

Ekspert həmçinin qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin günü və Zəfər bayramı münasibəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə hər il bu əlamətdar gündə səfəri alqışalayiqdir:”Azərbaycan tərəfdən hərb sahəsində yüksək vəzifəli şəxslər hər il bu tədbirlərdə ən öndə iştirak edirlər. Bu qarşılıqlı səfərlər son zamanlarda Cənubi Qafqazda siyasi gərginliyin artması, Ermənistanın təxribatları və dünyanı özünə cəlb etmək istəməsi fonunda gedən proseslərə bir ismarıcdır. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir və quldur dövlətlərə və onların havadarlarına birgə cavab vermək qətiyyətindədir.”

Tacir SADIQOV,

“Respublika”.