ZƏFƏR TARİXİNƏ DÜŞƏN 23 APREL…
Digər xəbərlər

ZƏFƏR TARİXİNƏ DÜŞƏN 23 APREL…

23 aprel tarixi artıq bizim üçün adi təqvim günü deyil. Məhz bu gün Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulması ilə otuz ildən sonra Azərbaycan Respublikasının bütün suveren ərazilərində tam və qeyd-şərtsiz nəzarəti bərpa edilmiş oldu. Bu tarixi hadisə həm Ermənistan, həm də onun işğalçılıq siyasətini himayə edən siyasi dairələr üzərində kifayət qədər önəmli strateji qələbəmizdir.

Əslində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün azad edilməsi ilə başlayan proses Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə uğurlu şəkildə yekunlaşmış oldu. Yəni ərazi bütövlüyünün və sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq hüququn hər bir müstəqil dövlətə şamil etdiyi təbii haqq nəhayət ki, bizim üçün də bərqərar edildi. Bu qələbəmizin memarı milli maraqlarımızın müdafiəsi uğrunda bütün cəbhələrdəki mübarizəmizə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Hər sözü imzaya bərabər olan dövlətimizin başçısının hər bir bəyanatının arxasında qətiyyətli mövqe və siyasi iradənin dayandığını artıq bütün dünya dövlətləri qəbul etməyə məcburdur. Xatırlayırıqsa, Prezident İlham Əliyev çox qısa müddət öncə Münhen təhlükəsizlik konfransı çərçivəsində keçirilmiş görüşlər zamanı nəzarət-keçid məntəqəsinin yaradılmasını təklif etmişdi. Unutmayaq ki, o bu günə qədər heç bir sözü vaxtından əvvəl səsləndirməyib. Ona görə də bu təklif artıq həmin addımın atılması üçün tarixi şəraitin formalaşdığını göstərən bəyanat idi və o addım atıldı. Artıq proseslərin daha sürətli şəkildə cərəyan etməsi ehtimal edilir.

Onu da qeyd etmək lazımdır ki, sərhəd-keçid məntəqəsinin qurulması nəticəsində Ermənistan tərəfinin bütün siyasi manevr imkanlarının zərərsizləşdirilməsi və ola biləcək təxribatların qarşısının operativ şəkildə alınması imkanları artmış oldu. Digər tərəfdən, böyük qayıdış konsepsiyası çərçivəsində Laçın şəhəri və digər işğaldan azad edilmiş ətraf bölgələrə mərhələli şəkildə qayıtması planlaşdırılan vətəndaşlarımızın həyat və təhlükəsizliyinə, eləcə də dinc və firavan həyatına hədə ola biləcək istənilən neqativ hal birbaşa nəzarət altına alınmış oldu. Həmçinin bu addımın sülh gündəliyindəki ümumi məsələlərə, xüsusilə də Qarabağdakı erməni icmasının reinteqrasiyası prosesinə töhfə verməsi də gözləniləndir. Bu da özlüyündə sülh müqaviləsinin imzalanmasını artıq Ermənistanın mövcudluğu üçün labüd edən əsas faktor olaraq qiymətləndirilməlidir.

Aytən QURBANOVA,

politoloq.