“Zəfərə doğru
Sosial həyat

“Zəfərə doğru" mövzusunda beynəlxalq konfrans

Türkiyə Respublikasından tanınmış və nüfuzlu sahibkarlardan ibarət 20 nəfərlik heyət azərbaycanlı sahibkarlarla səmərəli biznes əlaqələri yaratmaq, ölkəmizdə iş qurmaq, qarşılıqlı əməkdaşlıq və investisiya yatırımı məqsədilə 25-30 oktyabr tarixlərində ölkəmizdə işgüzar səfərdədir.

 Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Qadın Sahibkarları Platformasının "Zəfərə doğru" mövzusunda I İşgüzar Beynəlxalq Konfransı keçirilmişdir. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi konfransa informasiya dəstəyi göstərmişdir.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransın açılışında Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təsisçisi və sədri, "Tərəqqi" medallı, III dərəcəli "Əmək" ordeni laureatı, tanınmış sahibkar Zenfira Ağayeva və Türk iş qadını, Erken Doğan (Prematüre) Bebekleri Yaşatma Derneğinin (ERDODER) Yönetim Kurulu Başkanı, TAP-ın Türkiyə təmsilçisi Canan Göztəpə çıxış etmişlər. Tədbirə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədr müavini Afaq Əliyeva moderatorluq etmişdir.

Konfransda İqtisadiyyat Nazirliyinin nümayəndəsi, AZPROMO-nun prezidenti Yusif Abdullayev "Azərbaycan-Türkiyə investisiya mühitinə baxış: hədəflər və perspektivlər", Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Qadınların sahibkarlığa cəlb olunması və özünüməşğulluq məsələləri: Azərbaycan təcrübəsi", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Ailə və qadın problemlərinin həllində sahibkarlığın rolu", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar İncəsənət xadimi, rəssam-modelyer, parfümer, ASQİB-nin həmsədri Fəxriyə Xələfova "Azərbaycan sahibkarlarının ölkə iqtisadiyyatının inkişafında rolu", Türkiyə səfirliyinin nümayəndəsi Katib Özdəm Çolak "Qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri", Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Departament rəhbəri Fuad Ələkbərov "Türkiyə və Azərbaycan sahibkarlarının biznes əlaqələrinin inkişaf istiqamətləri", Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov "Ölkələr arasında biznes əlaqələrinin inkişafında əməkdaşlığın perspektivləri" mövzusunda məruzələrlə çıxış etmişlər.

Konfrans zamanı ikitərəfli görüşlər baş tutmuş, əməkdaşlığın genişlənməsi barədə fikir mübadiləsi aparılmış, qarşıda qoyulan məqsədlərin qarşılıqlı əməkdaşlığı və uğurlu realizəsi barədə proqram qəbul edilmişdir.

Kamil İSMAYIL,

“Respublika”.