Əlverişli biznes və investisiya mühiti yaradılır
İqtisadiyyat

Əlverişli biznes və investisiya mühiti yaradılır

Ələt Azad İqtisadi Zonası ölkəmizə böyük iqtisadi dividendlər qazandırmaqla regionda mövqeyimizi daha da gücləndirəcək

Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici sərmayələrin cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində vacib layihələr icra olunur. Bakının mərkəzindən 25 kilometr məsafədə Qaradağ rayonunun Ələt qəsəbəsində, Xəzər dənizinin sahilində ölkənin ilk Azad İqtisadi Zonası - Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir.

Ötən ilin iyununda Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

Ümumi sahəsi 850 hektar olan Ələt Azad İqtisadi Zonasının 60 hektar ərazisində (Zona 1, Mərhələ 1) bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. 297 min kvadratmetr torpaq sahəsində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazidaxili və ərazidən xaricdə mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada müxtəlif ofislər fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri, eyni zamanda 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün layihələndirmə işləri davam edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik olan Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd beynəlxalq standartlara uyğun çalışan, innovativ texnologiyalar tətbiq edən, yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsalı və müvafiq beynəlxalq xidmətləri təmin edə biləcək investorların Azad Zonaya cəlb edilməsi və beləliklə onun regional investisiya mərkəzinə çevrilməsidir. Layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə imkan verəcək. Yaxın gələcəkdə Azad Zona Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi gücünü çoxaldacaq.

Ələt Azad İqtisadi Zonasının fəaliyyəti ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayacaq. Beləliklə, yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Bu addım həm də məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması iş yerlərinin yaranması deməkdir. Ekspertlər hesab edirlər ki, müasir dövrdə azad iqtisadi zonalar ölkələrin xarici ticarət siyasətində önəmli yer tutur. Məhz buna görə də son illər dünya iqtisadiyyatının spesifik modeli sayılan azad iqtisadi zonaların yaradılması prosesi getdikcə sürətlənir. Azad iqtisadi zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Azad bazar iqtisadi münasibətlərinin formalaşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallaşır. Ölkəmizdə bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində belə zonaların yaradılmasının mühüm iqtisadi əhəmiyyəti vardır. Azərbayan hökuməti Ələt Azad İqtisadi Zonasının yaradılmasında müxtəlif ölkələrin təcrübələrindən istifadə edir.

Azad iqtisadi zonaların yaradılması, həmçinin istehlak mallarının və xidmətlərinin istehsalının genişləndirilməsi respublikamızın ayrı-ayrı regionlarının və ərazilərinin iqtisadi və sosial potensialının inkişafı, iqtisadiyyatın real sektoruna investisiyaların cəlb olunması üçün əlverişli şəraitin təmin edilməsi, mövcud iş yerlərinin qorunması və yeni iş yerlərinin açılması, müasir texnologiyanın tətbiqi nəqliyyat, sənaye və sosial infrastrukturun yaradılması, idxalı əvəzləməyə yönəlmiş istehsalın ixrac potensialının və inkişafının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsi, xarici ölkələrlə ticarət-iqtisadi əməkdaşlıq istiqamətində ciddi nailiyyətlərin əldə olunmasına istiqamətlənib. Yeni iqtisadi zonalar, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsini prioritet vəzifə kimi müəyyənləşdirib. Ələt Azad İqtisadi Zonası və xarici investisiyaların Azərbaycana cəlb edilməsi dövlətin təkcə iqtisadi inkişafı və rifahı baxımından deyil, həmçinin təhlükəsizliyi nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına əsasən, ölkənin uzunmüddətli dayanıqlı və tarazlı inkişafının təmin olunmasında sərmayələrin cəlb edilməsi xüsusi rol oynayır. Bu mənada əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən əsas vəzifələrdəndir. Bütün bunlar belə deməyə əsas verir ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanı xarici investisiyaların cazibə mərkəzinə çevirəcək. Belə ki, hər bir azad iqtisadi zonada olduğu kimi, burada da xüsusi vergi və gömrük rejimi fəaliyyət göstərdiyinə görə biznesin inkişafı və gəlir əldə edilməsi daha əlverişli olacaq. Büdcəni doldurmaq üçün vergi və gömrük tariflərini artırmağa üstünlük verən bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan azad iqtisadi zona formalaşdıraraq iqtisadiyyatı daha şəffaf və əlçatan etməklə xarici investorlar üçün əlverişli mühit yaradır.

Mustafa KAMAL,

"Respublika".