Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Füzuli

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri həmişə xüsusi yer tutub. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Bu barədə Füzuli rayonunda "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda keçirilən konfransda ətraflı məlumat verilib.

Ümummilli liderin 100 illik yubileyinə həsr edilən konfransda rayon rəhbərliyi, ziyalılar, təhsil işçiləri, təhsildə qazandıqları yüksək nəticələrlə fərqlənən bir qrup gənc, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə ölkədə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bütün digər sahələr kimi, təhsil siyasətinin də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha vurğulayan rayon rəhbəri işğaldan azad edilmiş Füzuli şəhərində yeni tikilib istifadəyə verilmiş Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbində bu il ilk bilik gününün qeyd ediləcəyinin bütün Füzuli sakinləri, eləcə də təhsil ictimaiyyəti üçün fəxr, qürur və sevinc mənbəyi olacağını bildirib.

Konfransda rayon üzrə  2022/2023-cü tədris ilinin statistik göstəriciləri, yeni dərs ilinə hazırlığın vəziyyəti, buraxılış və qəbul imtahanlarının nəticələri barədə məlumat verilib. Qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək tələbə adı qazanan Rəsul Şəfiyev, Mirrəsul İsmayılov, Elnazə İbişova, Vətən müharibəsi şəhidi Elçin Süleymanovun tələbə adı qazanmış həyat yoldaşı Aminə Ələkbərova, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi Dəniz Qarayeva onlar üçün yaradılmış yüksək və şəffaf təhsil imkanlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Ağdam

Qələbə və Zəfər tariximizin yeni səhifələri işğaldan azad edilən yurd yerlərimizdə quruculuq və dirçəlişlə, böyük şövqlə, sürət və keyfiyyətlə davam etdirilir. Yeni dərs ili ərəfəsində rayonun Birinci Baharlı qəsəbəsində 432 şagird yerlik məktəb binası istifadəyə verilib. Məktəb binasının açılışında Elm və Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizdə təhsilə verilən önəmdən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətindəki işlərdən danışıblar. Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə 16 sinif otağı, texnologiya, fizika, kimya, biologiya, kompüter, texnologiya, hərbi hazırlıq, inzibati və xidməti otaqlar, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Yeni və müasir məktəbdə ilk zəng səslənəcək.

 

Laçın

Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Taxtakörpü qəsəbəsində yeni dərs ili yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Bu, səbəbsiz deyil, 30 ildən sonra işğaldan azad edilən Laçın şəhərində və Zabux kəndində istifadəyə verilən məktəblərdə ilk zəng çalınacaq. Laçın şəhəri 1 saylı tam orta məktəbdə 510 şagird təhsil alacaq. Yeni binada 18  sinif otağı, informatika və texnologiya, hərbi hazırlıq kabinetləri, 3 laboratoriya, məktəbəhazırlıq otağı var. 176 şagird yerlik Zabux kənd tam orta məktəb binasının əsaslı təmiri və bərpası başa çatdırılıb.

Sentyabrın 15-də Zabuxda 30 ildən sonra yeni dərs ili başlayacaq. Yeni məktəbdə 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxana fəaliyyət göstərəcək. Hər iki məktəbin istifadəyə verilməsini laçınlılar Prezident İlham Əliyevin rayonun təhsil işçilərinə növbəti diqqət və qayğısının əyani təzahürü kimi qiymətləndirirlər.

Qeyd edək ki, ötən dərs ilində Laçın rayonunun ümumtəhsil məktəblərinin  11-ci sinfini bitirən 998 nəfər məzundan  695 nəfəri ali məktəblərə qəbul  imtahanlarında iştirak edib, onlardan 465 nəfəri ali təhsil ocaqlarına qəbul olunub. Tələbə adına layiq görülən məzunlardan  32 nəfər  500-dən, o cümlədən 4 nəfər 600-dən  çox bal toplayıb. Taxtakörpü tam orta məktəbinin məzunu Mustafa Kamal isə 641 bal toplayaraq yüksək nəticəyə nail olub. İlkin proqnoza əsasən  yeni tədris ilində Laçın rayonunun  ümumi təhsil müəssisələrində ümumilikdə 3284 şagird təhsil alacaq.

Rayonun təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı  İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

"Respublika".