TOVUZUN BƏRBAD ELEKTRİK TƏSƏRRÜFATI
Region

TOVUZUN BƏRBAD ELEKTRİK TƏSƏRRÜFATI

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə əhalinin elektrik enerjisi ilə təminatındakı dözülməz vəziyyət yəqin ki, hər kəsin yadındadır. Sutkalarla fasilələr yaranır bir saatda işıqlar ən azı 7-8 dəfə sönürdü.

Bəllidir ki, son 20 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrlə, o cümlədən elektrik enerjisi ilə təminatda mövcud olan bütün problemlər aradan qaldırılıb. Hətta hazırda respublikamızdan bəzi ölkələrə enerji ixrac olunur. Sözsüz ki, ölkə əhalisinin fasiləsiz enerji ilə təminatından sonra bu proses həyata keçirilir. Respublikanın hər yerində elektrik təsərrüfatında layihələr həyata keçirilərək yenilənir.

Amma Tovuz rayonunun Aşağı Quşçu kəndində üzü dağlara doğru irəlilədikcə sanki başqa bir aləmə düşürsən. Tanrı bu yerlərə ecazkar gözəllik, füsunkar mənzərə bəxş etmişdir. Hər tərəf meşəliklə əhatə olunmuşdur. Bu məkanlarda ekoturizmin inkişaf etdirilməsi üçün təbiət insanlara tam münbit şərait yaratmışdır.

Müasir standartlara cavab verən asfalt yol bölgə sakinlərinin, eləcə qonaqların normal gediş-gəlişinə şərait yaradır. Bu magistral yol bir neçə kəndi rayon mərkəzi ilə birləşdirir. Lakin magistral yol kənarında olan işıq dirəkləri, transformatorlar bu mənzərəni tamamilə alt-üst edir. Doğrusu, inkişaf etmiş bir rayonda işıq dirəklərinin, calaq olunmuş naqillərin, görkəmini itirmiş, təhlükə mənbəyi olan transformatorların hələ mövcud olması çox təəssüf doğurur.

Qeyd etdiyimiz kimi, gördüklərimiz yol kənarında, göz qabağında olanlardır. Kəndlərin daxilində vəziyyət daha dözülməzdir. Rayonun Əsrik-Cırdaxan kəndində sakinlər bildirdilər ki, 1983-1985-ci illərdə gördüyümüz işıq dirəkləri naqillər quraşdırılmışdır. Sözsüz ki, yağışın, suyun altında taxta dirəklər bu müddət ərzində çürüyərək yararsız vəziyyətə düşmüşdür. Transformatorların ətrafında qoruyucu çəpər çəkilməmişdir. Salamat olan dirəklər isə əyilib kiçik bir təkandan yıxıla bilər. Sakinlərin dediyinə görə, bir neçə gün bundan qabaq işıq dirəklərindən biri yaşayış evinin üzərinə düşmüşdür. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməmişdir. Qısası, bu bölgədə elektrik təsərrüfatı tam bərbad vəziyyətdədir.

Bu səbəbdən hər an hansısa xoşagəlməz hadisənin baş verməsi qaçılmazdır. Burada calaq olunmuş naqillər, dirəklər, transformatorlar ötən əsrin 90- illərini xatırladır. Elə işığın verilişi o qədər yaxşı vəziyyətdə deyil. Vətəndaşlar dedi ki, azca külək olduqda, necə deyərlər, yarpaq tərpəndikdə işıqlar tez-tez sönür-yanır. Belə olan halda elektrik avadanlıqları sıradan çıxır. Əsrik-Cırdaxan kəndinin 2400 nəfər sakini var. Üzü dağlara tərəf bu kənddən sonra irili-xırdalı bir neçə yaşayış məntəqəsi istirahət mərkəzləri mövcuddur.

Biz Qərb Regional Elektrik Təchizatı Satışı İdarəsi ilə telefon əlaqəsi yaratmaq istəsək , zəngimizə cavab verən olmadı. Əhalinin fasiləsiz enerji ilə təmin olunması, eyni zamanda bölgədə gəlirli sahə olan turizmin inkişaf etdirilməsi, eləcə təbiətin bəxş etdiyi gözəlliyi eybəcərləşdirən bu vəziyyətə son qoymağın artıq vaxtı çatmışdır. Bu kimi neqativ hallar ölkəmizdə aparılan dinamik, sürətli uğurlu inkişafa xələl gətirir. Sakinlərin xahişini nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq.

Vəli VƏLİYEV,

"Respublika".