Hər günü bir tarix idi...
Gündəm

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 12 və 13-cü günləri

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

8 oktyabr                                                

  • Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd "D-20" topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
  • "Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür". Bunu "CNN Türk"ə müsahibəsində Prezident İlham Əliyev bildirib: "Belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir".
  • Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların videogörüntüsünü paylaşıb. "Azərkosmos" ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin "Azersky" peykindən əldə edilmiş təsvirini yayıb.
  • Düşmən ordusu cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib. Ermənistan silahlı qüvvələri Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub. "Toçka-U" raketlərindən istifadə olunan terror aktında mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub.
  • Baş Prokurorluğun məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

9 oktyabr

  • Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gecə ərzində gərgin döyüşlər ordumuzun üstünlüyü ilə davam etmişdir. Həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdır.
  • Vətən müharibəsinin 13-cü günündə müzəffər ordumuz Hadrut qəsəbəsini ermənilərdən azad edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib: "Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər".
  • Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilmiş və sıradan çıxarılmışdır. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilmişdir. Müdafiə Nazirliyi səhər saatlarında Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlamışdır.
  • Prezident İlham Əliyev "CNN International" televiziya kanalının "Connect the World" verilişində müsahibə verib: "Bu günlər ərzində Ermənistanın baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O, Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhət görürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin".
  • "Sky News" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb: "Bizim üçün bu, Vətən müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı".
  • Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən görüntülər işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımlamışdır.
  • Azərbaycan Ordusunun bölmələri düşmənin zirehli texnikasını məhv etməyə davam edir. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 "Qrad", 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu - onlardan 8-i 2S3 "Akasiya", 2-si "Qvozdika", 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 "REM" və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 "Osa" zenit raket kompleksi, 2 "Kub" zenit raket kompleksi, 4 "Repelent" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni məhv edilmişdir. Həmçinin 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 "UAZ" maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 "ZİL" maşını, 9 "QAZ" maşını hərbi qənimət kimi ələ keçirilmişdir.

"Respublika".