İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımız il ərzində rekord sayda medal əldə ediblər

Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Ümumilikdə, il ərzində 1472 medal əldə olunub. Bu, Azərbaycanın idman tarixində rekord göstəricidir. Medallardan 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinin sayı açıqlanıb. Bu il 318 ölkə, 91 beynəlxalq miqyaslı yarış keçirilib. 630 beynəlxalq turnirdə milli komandaların iştirakı təmin olunub. Ölkəmiz il ərzində 3 dünya çempionatına ev sahibliyi edib. Taekvondo, atıcılıq və hərbçilər arasında güləş üzrə dünya çempionatları təşkil edilib. Həmçinin kişi və qadın idman gimnastikası, eləcə də bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1" üzrə Azərbaycan Qran-Prisi, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, şahmat üzrə Dünya Kuboku, MMA üzrə "Landmark 7", beynəlxalq "Rizin" turniri kimi yarışlar ölkəmizdə təşkil olunub.

Boksçularımız 2023-cü ildə 179 medal qazanıblar

Azərbaycan boksçularının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı bəlli olub. Bu il müxtəlif yaş qrupları üzrə milli komandalar 26 turnirdə ümumilikdə 179 medal əldə ediblər. Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə yığmalar ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar. Boksçular 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında qazanıblar. Yığmalar iştirak etdikləri mundial və qitə səviyyəli yarışların hər birindən Vətənə mükafatla qayıdıblar. Həmçinin boksçular III Avropa Oyunlarında 2 dəfə fəxri kürsüyə qalxıb və eyni sayda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyaya sahib çıxıblar. Milli komandanın hesabında Qızıl kəmər seriyasından, II MDB Oyunlarından və Beynəlxalq Universitet İdman Festivalından da medallar var. Qeyd edək ki, bir il öncə Azərbaycan boksçuları 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanıblar.

Ölkəmizdə

"Heydər Əliyev İli" çərçivəsində keçirilmiş idman tədbirlərinin sayı açıqlanıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və "Heydər Əliyev İli" çərçivəsində 2023-cü il ərzində Azərbaycanda ümumilikdə 64925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub. Tədbirlərdən 89-u Gənclər və İdman Nazirliyi və İdman federasiyaları tərəfindən 32190 nəfərin iştirakı ilə keçirilib. Qalan 385 tədbir isə ölkənin müxtəlif regionlarında təşkil olunub və 32735 nəfər iştirakçını əhatə edib. Bundan başqa, respublika üzrə 13 layihə çərçivəsində 81 kütləvi idman tədbiri baş tutub və bu tədbirlərdə 36600 nəfər iştirak edib.

 

Nərgiz İSMAYILOVA,

"Respublika".