Müasir çağırışların hədəfi: “yaşıl enerji
İqtisadiyyat

Müasir çağırışların hədəfi: “yaşıl enerji"yə keçid

Dünyada neft-qaz ixracatçısı kimi tanınan ölkəmiz həm də bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Bu gün yenidən formalaşan dünya nizamında Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edən Azərbaycanın iqtisadi sahədə müəyyənləşdirdiyi əsas istiqamətlərdən biri bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Bu məqsədlə, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edilmişdir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də iqtisadiyyatın bütün sahələrində bərpaolunan enerjinin tətbiqi, iqlim dəyişikliyi ilə mübarizə məsələləri öz əksini tapmışdır.

Xam neft, təbii qaz, neft məhsulları, elektrik enerjisi ilə daxili tələbatını tamamilə ödəyən, eyni zamanda bu məhsulları dünya bazarına çıxaran ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması vacib məsələ kimi qarşıya qoyulur. Hər zaman müasir çağırışlara çevik cavab verən ölkəmizdə alternativ enerji mənbələrindən istifadə genişləndirilir ki, bu da öz növbəsində neft və qaz kimi qiymətli yanacaqlara qənaət edilməsinə, təbii qazın, maye yanacağın istifadəsi zamanı zərərli maddələrin ətrafa yayılmasının qarşısının alınmasına geniş imkan yaradır.

Bəşəriyyətin qlobal problemlərindən olan ətraf mühitin mühafizəsinə məhz bərpaolunan enerji növlərinin istehsalı sayəsində nail olunduğundan dünya ölkələri "yaşıl enerji"yə keçidi daha da sürətləndirir. Ölkəmizdə "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli dövlətin enerji siyasətinin prioriteti kimi müəyyən edilmiş, böyük külək və günəş enerjisi potensialına sahib olan Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunmuşdur. Qeyd edək ki, işğaldan azad olunan torpaqlarda 10 qiqavata yaxın külək və günəş enerjisi potensialı mövcuddur. Naxçıvan Muxtar Respublikasında isə 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncama əsasən Yaponiyanın TEPSCO şirkəti ilə bu istiqamətdə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya hazırlanmışdır.

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, tikililərin damlarında bərpaolunan enerji qurğularının, xüsusən günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların günəş enerjisi əsaslı LED lampalarla işıqlandırılması, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, "ağıllı enerji idarəetmə texnologiyaları"nın tətbiqi, tullantıların enerjiyə çevrilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi nəticəsində "yaşıl enerji" zonalarında yaşıl texnologiyaların tətbiqi formalaşacaq. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda panel müzakirələr zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Azərbaycan qalıq yanacaqlardan istifadə etmək də daxil olmaqla, təmiz enerjiyə keçidə başlamaq üçün şüurlu seçim edib. Hesab edirəm ki, 2030-cu ilə qədər enerjiyə olan tələbatımızın 30 faizini bərpaolunan enerji mənbələrindən əldə etmək məqsədimizdən xeyli irəlidəyik. Təxminən 2028-ci ilə qədər buna nail ola biləcəyimizi düşünürük".

İkinci Qarabağ müharibəsində işğaldan azad olunmuş ərazilər yeraltı, yerüstü sərvətlərlə zəngin olmaqla bərabər, həm də böyük həcmdə bərpaolunan enerji potensialına malikdir. Bu gün yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri geniş vüsət alıb. Həyata keçirilən irimiqyaslı layihələr zamanı 30 il düşmən tərəfindən təbiətinə, canlı aləminə böyük ziyan vurulan ərazilərimizdə ətraf mühitin qorunması, ekosistemin bərpası vacib məsələdir. Günəş enerjisi ilə bağlı layihələrin reallaşdırılması üçün Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının texniki potensialı 7200 MVt-dan artıqdır. Laçın və Kəlbəcərin dağlıq ərazilərində isə 2000 MVt həcmində külək enerjisi müəyyən edilmişdir. Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı var."Yaşıl enerji zonası" elan olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan irimiqyaslı layihələr əsasında Laçın, Kəlbəcər və Suqovuşanda 20.2 MVt gücündə 4 su elektrik stansiyası - 8 MVt gücündə Güləbird SES, 4,8 MVt gücündə Suqovuşan-1 KSES, 3,0 MVt gücündə Suqovuşan-2 KSES və 4,4 MVt gücündə Kəlbəcər-1 KSES istifadəyə verilmişdir. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində 100 MVt gücündə "Xudafərin" və 40 MVt-lıq "Qız Qalası" su elektrik stansiyaları, həmçinin Laçın və Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması istiqamətində görülən işlərin nəticəsidir.

"Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsinin reallaşdırılması isə ölkəmizdə "yaşıl enerji"yə keçidin sürətli dinamikasının göstəricisidir. Ümumi həcmi 470 meqavat olan layihə əsasında Cəbrayıl rayonunun ərazisində inşa olunan 240 meqavatlıq elektrik stansiyasında bərpaolunan enerji istehsalı ilə yüz milyonlarla kubmetr qaza qənaət ediləcək. Ümumilikdə, üç əsas enerji şirkəti - "Masdar", "Fortescue" və "ACWA Power" şirkətləri ilə Azərbaycan arasında imzalanmış anlaşma memorandumuna əsasən quruda və dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir.

Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə çağdaş dövrümüzdə qlobal xarakter daşıyır. Müasir dövrün çağırışlarına cavab verən, qlobal problemlərin həllinə səy göstərən Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə də fəal iştirak edir. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyinə ölkəmizin namizədliyinin dəstəklənməsi bunu bir daha təsdiq edir.

Mehparə ƏLİYEVA,

"Respublika".