Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
Elm və təhsil

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Yeddi nəfər paytaxt məktəblisi İqtisadiyyat müsabiqəsinin məktəb turunda uğurlu nəticə göstərib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Respublika"-ya bildirilib ki, müsabiqənin məktəb turunda IX-XII sinif şagirdləri Azərbaycan, rus və ingilis dillərində onlayn imtahan veriblər.

Belə ki, 310 nömrəli tam orta məktəbin şagirdi İsfəndiyar Xəlilzadə, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nəzrin Süleymanova, 90 nömrəli tam orta məktəbin şagirdi Əli Zülfüqarov, 72 nömrəli məktəb-liseyin şagirdi İslam Əfəndiyev, 5 nömrəli tam orta məktəbin şagirdləri Əli Zeynallı və Maqsud Maqsudov, 27 nömrəli tam orta məktəbin şagirdi Səid Dünyamalızadə məktəb turunda göstərdikləri yüksək nəticəyə əsasən aprelin 24-də müsabiqənin regional tur imtahanında iştirak edəcəklər. Ölkə üzrə ən yüksək nəticə göstərmiş 5 şagird Yunanıstanın Afina şəhərində keçiriləcək beynəlxalq turda iştirak etmək imkanı qazanacaq.