Azərbaycan şahmatçısı: Avropa çempionluğu indiyədək əldə etdiyim ən uğurlu nəticədir
İdman

Azərbaycan şahmatçısı: Avropa çempionluğu indiyədək əldə etdiyim ən uğurlu nəticədir

“Bu, indiyədək əldə etdiyim ən uğurlu nəticəm oldu”.

"Respublika" xəbər verir ki, bu sözləri Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.

O, yarışı birinci pillədə başa vurduğu üçün sevincli olduğunu bildirib: “Sadəcə, öz oyunuma fokuslanmışdım. Müdafiəni düzgün qurdum. Lakin həm mən, həm də gürcüstanlı rəqibim Nina Batsiaşvili müəyyən səhvlərə yol verdik. Hər şeyə baxmayaraq, Avropa çempionatı mənim üçün yaxşı macəra oldu. Uzun müddətdir bu uğura nail olmaq istəyirdim. Amma hər dəfə məğlubiyyətlə üzləşirdim. Avropa çempionatından öncə dostlarımla bu barədə danışmışdım. Onlar da bilirdilər ki, bu turnirdə heç bir ambisiyam yox idi”.

27 yaşlı qrosmeyster qazandığı nailiyyətə görə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib: “Xüsusilə də federasiyamızın prezidenti Mahir Məmmədov və yığmamızın məşqçisi Yevgeni Tomaşevskiyə göstərdikləri dəstək və köməyə görə minnətdaram. Ailəm də öz növbəsində dəstəyini məndən əsirgəmədiyi üçün xoşbəxtəm”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.