Delimitasiya sülh prosesini yaxınlaşdırır
Siyasət

Delimitasiya sülh prosesini yaxınlaşdırır

Onilliklər boyu Azərbaycan və Ermənistan arasında münaqişə davam edib. Xarici güclər vasitəçilik etməyə cəhd göstərsə də, danışıqlar bir fayda verməyib. Yalnız vasitəçilər olmadan aparılan dialoqlar vasitəsilə ümidverici irəliləyiş əldə edilib. Çətinliklərə baxmayaraq, bu ikitərəfli müzakirələr tədricən öz nəticəsini verir. Bu gün hər iki tərəfin ciddi səyləri delimitasiya prosesində nəzərəçarpacaq irəliləyişlərə gətirib çıxarıb, regionda davamlı sülhə ümidləri artırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur.

Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir. Baş nazir parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni də göstərib, ərazilərin güzəştə gedildiyi barədə səsləndirilən ittihamları qəbuledilməz və məntiqsiz hesab edib: "Bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır". Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib. Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.

Azərbaycan Respublikası Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunur: "Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin olunub". Həmçinin qeyd edilib ki, artıq Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun sözügedən kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşündə Protokol imzalanıb.

Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb. Azərbaycan və Ermənistan arasında sərhəddə mayın 15-də Komissiyaların növbəti 9-cu görüşündə sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq protokolu imzalanıb.

Qazaxın 4 kəndi də bir güllə atılmadan, itki vermədən Azərbaycana qaytarıldı. İki ölkə arasında delimitasiya prosesində son irəliləyişlər uzun müddətdir davam edən ərazi mübahisələrinin həlli və regionda sülhün əldə edilməsi istiqamətində mühüm addımdır. Bu, Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik səy və strateji siyasətin nəticəsidir. Burada hər iki ölkənin rəhbərliyinin qətiyyəti, xüsusilə də Prezident İlham Əliyevin fəal diplomatiyası mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin sabitlik və iqtisadi inkişafda marağı var ki, bu da yalnız sülh yolu ilə əldə edilə bilər. Sülh sazişi isə iqtisadi əməkdaşlıq, ticarət və regional sabitlik üçün hər iki xalqa fayda gətirəcək, yeni imkanlar açacaq.

Delimitasiyada irəliləyiş və sülh sazişinin perspektivi Ermənistanda birmənalı qarşılanmır. Bəzi siyasi fraksiyalar və vətəndaş cəmiyyəti qrupları sülhün gətirə biləcəyi sabitliyin və iqtisadi inkişafın faydalarını dərk edərək sülh prosesini dəstəkləyir. Digərləri isə əksinə, bunu xoşagəlməz hesab edir. Ermənistanda ictimai rəy bölünür, bəzi vətəndaşlar uzun sürən münaqişələrdən bezib və sülh istəyir, digərləri isə milli suverenlik və ərazi bütövlüyünün gələcəyilə bağlı dərin narahatlıq keçirir.

Həm Azərbaycan, həm də Ermənistan üçün birbaşa, yüksək səviyyəli danışıqları davam etdirmək vacibdir. Bu danışıqlar hər iki ölkənin maraqlarını əhatə etməlidir. İki xalq arasında etimadın yaradılması üçün tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bu, gərginliyi azaltmaq və xoş niyyəti gücləndirmək, əraziləri minalardan təmizlənməsi kimi humanitar təşəbbüsləri həyata keçirmək baxımından da əhəmiyyətlidir. Çətinliklər olmasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində irəliləyiş davamlı sülh sazişinə ümid verir. Bütün istəklər üst-üstə düşərsə, Cənubi Qafqaz regionunu dəyişdirə biləcək sülhə nail olmaq mümkündür.

Nurcan SÜLEYMANOVA,

"Respublika".