Zəfər seçkisi xalqımızın istəyini reallaşdırır
Siyasət

Zəfər seçkisi xalqımızın istəyini reallaşdırır

Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən, müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk dəfə prezident seçkiləri coğrafi cəhətdən ölkəmizin hər yerində keçiriləcək. Bu seçkilər tarixdə Zəfər seçkiləri kimi qalacaq. YAP-ın genişləndirilmiş iclasında partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülüb.

2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə vəd verdi və vədə əməl etdi. Artıq ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində dalğalanır. Prezident İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı.

Prezident İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Ölkə başçımızın daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi, xalqımızın rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir.

Prezident seçildiyi 20 il ərzində İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, xalqın ən böyük arzusunu reallaşdırdı. 30 il düşmən tapdağında olan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Dünyaya Azərbaycan xalqının cəsur və mərd xalq olduğunu sübut etdi. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın dünyada nüfuzunun artması gələcəkdə yeni uğurlara, hədəflərə çatmaq üçün böyük imkanlar yaratmış, qazanılan bu nailiyyətlər qısa zamanda yeni hədəflərə çatmaq üçün növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd etmişdir. Bu qərar Azərbaycan xalqının öz siyasi iradəsini ifadə etmək arzusundan irəli gəlirdi. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.

Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir.

Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dilindən, dinindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən müharibəsində də bütün xalqların nümayəndələri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş şəhər və kəndlərimizi yenidən qurur.

Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətinə uyğun hər seçkidə olduğu kimi, bu dəfəki növbədənkənar prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət hər zaman dövlətə, xalqa qarşı müxalif mövqe nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmək əvəzinə qərəzli, çirkin bəyanatlar səsləndirməyə üstünlük verdilər. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Çünki adlarını müxalifət qoyub çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki bəzi qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki, daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət göstərən radikal müxalifət öz xalqına belə xəyanət edir.

Populist çıxışlar edən, "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən 5000 üzv toplamaq gücünə malik olmayan radikal müxalifət bir daha öz iç üzünü göstərdi.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, professor.