Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub
Gündəm

Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabad şəhərində rəsmi qəbul keçirib.

Səfirlikdən "Respublika"ya bildiriblər ki, tədbirdə hər iki ölkənin himni səsləndikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 106-cı ildönümü qeyd olunan və müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini Azərbaycanın xalqı və dövləti qarşısında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. Azərbaycan Ulu Öndərin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda özünün inkişaf dövrünü yaşayır.

Ölkəmizin beynəlxalq aləmdə keçdiyi inkişaf prosesindən danışan Xəzər Fərhadov Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm qurumlara uğurla sədrlik etdiyini deyib. Bildirib ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanması ölkənin iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin, səylərinin tanınmasını nümayiş etdirir.

Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə əlaqələndiricisi xanım Romina Xurşid Aləm Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, bildirib ki, Pakistan müstəqilliyinin ilk günündən Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.