21 Fevral Beynəlxalq Ana Dili Günüdür
Digər xəbərlər

21 Fevral Beynəlxalq Ana Dili Günüdür

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

                                             Heydər ƏLİYEV,

ümummilli lider.

Ana dili hər bir xalqın kimliyini təsdiq edən ən vacib xüsusiyyətlərdəndir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında, inkişafında mühüm rol oynayır. Xalqın əsrlərlə keçdiyi tarixi, mədəni yol birinci növbədə onun ana dilində öz yüksək səviyyəsinə ucalır, təcəssüm tapır.

Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hələ 1952-ci il həmin tarixdə Banqladeşin Benqal şəhərində tələbələr öz ana dillərinin rəsmi dil olması uğrunda mübarizəyə qalxmışlar. Belə ki, o dövrlər Banqladeş Pakistanın tərkibində idi. Tələbələrin etiraz aksiyası fevralın  21-22 -də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilirdi. Həmin aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdur. Banqladeş nümayəndələri o səbəbdən də məhz fevral ayının 21-ni etiraz aksiyasında həlak olan tələbələrin xatirəsinə ehtiram əlaməti olaraq Ana Dili Günü kimi adlandırılması üçün UNESCO-ya müraciət etmişlər. 1999-cu ilin noyabr ayında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilib və üzv dövlətlərə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dili ilə bağlı tədbirlər keçirilsin.

Dil ən güclü istifadə vasitəsi və ifadə şəklidir. İnsan öz hissini, sevgisini, ağrı-acısını dil vasitəsi ilə başqalarına çatdıra bilir, anladır. Gözəl dil gözəl hisslərin ifadəsidir. Dil millətin milli-mənəvi sərvətidir. Yazılan tarixi, yaşanan həqiqətidir. Dil həm də xalqlar, millətlər arasında körpü rolunu oynayan bir vasitədir.

Hər bir vətəndaş öz dilini yaxşı bilməklə yanaşı, həm də onu göz bəbəyi kimi qorumalıdır. Dilini qoruya bilməyən xalq məhvə məhkumdur. Çünki ərazilər, torpaqlar kimi, dili də işğal etmək mümkündür. Kənar hücumlara,  “işğalçı” sözlərə məruz qalan dil formasını,  mahiyyətini də itirə bilir. Bu mənada, dili qorumaq,  ona müqəddəs sərvət kimi baxmaq lazımdır. Elə dili müqəddəs saydığımız üçün də ona Ana dili deyirik. Çünki öz dilimizdə danışmağı bizə anamız öyrədir. Bu dildə analarımız bizə laylay demiş, bayatı söyləmiş, Vətəni, milləti, milli-mənəvi dəyərləri sevməyi öyrətmişdir. Dilimiz həm də mənəvi dünyamızı zənginləşdirməklə bərabər, yüksək səviyyəli təhsil almağımızda, dünyagörüşümüzün formalaşmasında bizə kömək edir. Dilimiz bizi tariximizə, adət-ənənələrimizə, milli-mənəvi köklərimizə bağlayan ən güclü vasitədir. Dilimiz bizim milli kimliyimizdir. Dili zəngin olan  millətin ədəbiyyatı, poeziyası, mədəniyyəti də zəngin olur.

2002-ci il sentyabr ayının 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ulu öndər Heydər Əliyevin xalqımıza, millətimizə və onun dilinə tükənməz məhəbbətinin və diqqətinin ən gözəl nümunəsidir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli  “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu istiqamətdə atılan addımların ən bariz nümunələrindəndir.

Hər il fevral ayının 21-i Beynəlxalq Ana Dili Gününün keçirilməsi həm də dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunub saxlanması üçün ən gözəl təbliğatdır. Bu tarixi gün ölkəmizdə də yüksək səviyyədə qeyd olunur. Dilimiz bizim keçmişimiz,  bu günümüz və işıqlı gələcəyimizdir. Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan ən qədim və zəngin dillərdəndir. Yaranması miladdan əvvəlki dövrlərə gedib çıxan dilimiz ifadə zənginliyi, axıcılığı, səlist ahəngi ilə dünya dilləri arasında ən zəngin dillərdən biri kimi tanınmışdır. Azərbaycan dili poeziya, şeir-sənət dili, musiqi dilidir. Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin, mükəmməl söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya və yüksək səviyyəli yazı normalarına malikdir.

Biz dilimizi sevdiyimiz kimi, onu təbliğ etməyi də bacarmalıyıq. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi və beynəlxalq aləmə yol açması dövlətin qarşıya qoyduğu ən vacib məsələlərdən birinə çevrilmişdir. Azərbaycan dili rəsmi dövlət dili, azərbaycançılığımızın təsdiq formasıdır.

                                                 Ramidə YAQUBQIZI,

                                                   “Respublika”.