AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib, vacib qərarlar qəbul olunub
İdman

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib, vacib qərarlar qəbul olunub

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

"Respublika" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Şamaxı” və “İmişli” klublarına lisenziya verilib. “İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” isə lisenziya ala bilməyiblər.

I Liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı”, “Baku Sportinq”, “Difai”, “Cəbrayıl”, “Füzuli”, “Karvan”, “Kür-Araz”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar” və “Zaqatala” komandalarına lisenziya verilib. “Ağdaş”, “Dinamo” (Bakı), “Göygöl”, “İrəvan”, “Lerik”, “Sheki City”, “Şəfa” və “Şəmkir” isə bu hüquqdan məhrum edilib.

Yüksək Qızlar Liqasında iştirak etmək üçün “Baku Juniors” və “Balxurma Balakən” klubları lisenziya alıblar. Yeri gəlmişkən, “Balxurma Balakən” növbəti mövsümdən etibarən “Dirçəliş” adı ilə çıxış edəcək.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, 2024-2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilən klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.