Ağdam-Xankəndi yolu yükdaşımalara açıqdır
Siyasət

Ağdam-Xankəndi yolu yükdaşımalara açıqdır

BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclası başa çatıb. Avqustun 16-da keçirilən iclasda Ermənistan və Azərbaycan nümayəndələrindən başqa, ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin səfirləri də çıxış ediblər. İclasda Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağda yaşayan etnik erməniləri "blokada" və ya "humanitar böhran"la üz-üzə qoymaqda ittiham edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək bu iddiaları rədd edib. Yaşar Əliyevin göstərdiyi sübut və faktlar bir daha ermənilərin əsl üzünün açılmasına səbəb olub.

Millət vəkili Tural GƏncƏliyev bildirib ki, Ermənistanın təşəbbüsü ilə BMT-də keçirilən müzakirələr işğalçı ölkənin növbəti iflası ilə nəticələndi: "Müzakirələrin nəticəsində nəinki hansısa bir qətnamə qəbul edildi, hətta heç bir bəyanat belə olmadı. Adətən BMT təcrübəsində belə olur ki, Təhlükəsizlik Şurasının müzakirələrindən sonra heç olmasa, bəyanat qəbul edilir. Ancaq Ermənistanın təşəbbüsü ilə aparılan müzakirələrdə heç bir sənəd və bəyanat olmadı. Bu, onu göstərdi ki, dünya ictimaiyyəti düzü əyridən seçə bildi. Ermənistana təsəlli verməkdən ötrü bəzi ölkələrin nümayəndələri Laçın yolunun açılmasının önəmini qeyd etdilər. Birmənalı şəkildə çıxışların heç birində Azərbaycanın ərazi bütövlüyünə qarşı fərqli məqam yox idi. Təbii ki, bu müzakirələrin qaldırılmasının əsas təşəbbüskarlarından biri Fransa idi. Fransa da böyük ümidlər bəsləyirdi. Çünki Fransa bildiyimiz kimi, Ermənistana hər yerdə dəstək verir. Bəlkə də Fransa yeni bir element, hansısa bir bəyanat, Azərbaycanın əleyhinə sözlərin, təşəbbüslərin olacağı ümidi ilə gəlmişdi. Ancaq bu da boşa çıxdı. Hətta biz çıxışlarda çox önəmli bir məqama Rusiya nümayəndəsinin nitqində rast gəldik. Belə ki, o, çıxışında "hüquqi çərçivədə Azərbaycan ərazisində" ifadəsini işlətdi. Yəni Azərbaycanın hüququ çərçivəsində məsələ həll edilməlidir. Bu, çox önəmli bir açıqlamadır. Digər ölkələr də demək olar ki, sırf hüquqi, leqal baxımdan ölkəmizin maraqlarına, suverenliyinə, ərazi bütövlüyünə qarşı hansısa əks fikirlər səsləndirmədilər. Ermənistan isə əslində bunun əksini istəyirdi. Onlar istəyirdi ki, Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulsun".

Parlamentari hesab edir ki, bundan sonra Ağdam-Xankəndi yolunun açılması və oradan ermənilərin istifadə etməsi qaçılmazdır: "Hansı ki, biz bunu təklif etmişik. Hətta bəzi ölkələrin nümayəndələrinin çıxışlarında da Ağdam-Xankəndi yolunun olması və onun işləməsi məqamı qeyd edildi. Bu da çox önəmlidir. Bütün dünya görür ki, biz bu yolu təmir etmişik, tikmişik, axıra qədər hazırdır və bu yolun açılmasına yalnız Qarabağda yaşayan həmin o separatçı təfəkkürə malik olan ermənilər maneə yaradır, əngəl törədir. Hesab edirəm ki, bundan sonra bu yol açılacaq. Ermənilər məcbur olub o yoldan yüklərin aparılmasını və gətirilməsini qəbul edəcəklər. Bu yol işlək vəziyyətə gəldikdən sonra hamımız görəcəyik ki, bu, Qarabağda yaşayan ermənilərin, sakinlərin yalnız Azərbaycan cəmiyyətinə siyasi, ictimai, iqtisadi həyatına inteqrasiyası üçün hesablanmış bir addımdır. Haqq, ədalət, hüquq, siyasi, hətta mənəvi cəhətlər hamısı bizim tərəfimizdə olduğuna görə, BMT-nin Təhlükəsizlik Şurası da heç bir sənəd, bəyanat qəbul etmədi. Çünki bu, BMT-nin öz prinsiplərinə, nizamnaməsinə zidd olardı. Çünki əgər 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazilərindən qanunsuz ermənilərin çıxarılmasını tələb edirdisə, bu dəfə Azərbaycanın suveren ərazilərinin sual altına alınmasını bəyan edə bilməzdi. Ona görə BMT Təhlükəsizlik Şurası iclasının keçirilməsi yalnız ermənilərə bir təsəlli idi. Ancaq bu müzakirələr də elə danışıq xatirinə aparıldı və heç bir nəticəsi olmadı".

Nuranə DAXİLQIZI,

"Respublika".