Azərbaycan uzunmüddətli sülhün əldə olunmasına xoş niyyət göstərir
Siyasət

Azərbaycan uzunmüddətli sülhün əldə olunmasına xoş niyyət göstərir

İkinci Qarabağ müharibəsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də iki ölkə arasında sülhə nail olunmayıb. 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən, 30 il işğal altında qalan torpaqlarını düşmən əsarətindən qurtaran Azərbaycan münaqişənin həllindən dərhal sonra əmin-amanlıq, təhlükəsizlik naminə işğalçı ölkə ilə sülh danışıqlarına başlanmasını təklif etdi. Regionun lider dövləti olan ölkəmiz münasibətlərin normallaşması, iki ölkə arasında ədavətə son qoyulması istiqamətində mühüm addımlar atdı. Prezident İlham Əliyev beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərin hansı formatda baş tutmasından asılı olmayaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərilən bütün səyləri dəstəklədi. 3 il ərzində sülhə doğru müəyyən irəliləyişlər əldə olunsa da, Cənubi Qafqazda marağı olan güclər sülh prosesinin irəliləməsinə deyil, bölgədə gərginliyin artmasına çalışdılar.

Regionda yerləşmək arzularını gerçəkləşdirmək üçün Ermənistanı əllərində alətə çevirən bəzi qərb ölkələri öz maraqları uğrunda bu ölkəni yenidən münaqişəyə sövq etmək üçün bütün vasitələrə əl atdılar. Nəticədə Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan postmüharibə dövrünün reallıqlarını qəbul etmir, əksinə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə düşmənçiliyini davam etdirirdi.

Ötən ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının yaydığı birgə açıqlamada rəsmi Bakı ilə İrəvan arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə olundu. Aparılan danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyətin göstəricisi olaraq dekabrın 13-də Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etdi. Beləliklə, Azərbaycan ilə Ermənistan arasında imzalanan bu birgə bəyanat 30 il bundan əvvəl başlamış və artıq keçmişdə qalan Qarabağ münaqişəsinin davam etdiyi müddət ərzində atılan ilk müsbət addım oldu. Bu, köhnə səhifələrin çevrilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına üçüncü tərəflərin imkan vermədiyini bir daha təsdiq etdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində bu barədə demişdir: "Son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb. Mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a evsahibliyi etmək üçün namizədliyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərir".

İkinci Qarabağ müharibəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyən Ermənistan Azərbaycanın tərkib hissəsi olan Qarabağda qeyri-qanuni məskunlaşmış silahlı birləşmələrini ərazilərimizdən çıxarmayaraq təhlükəsizliyin bərqərar olmasına imkan vermirdi. Ötən il sentyabr ayının 19-20-də silahlı qüvvələrimizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımızda separatizmin kökü kəsildi. Xunta rejiminə son qoymaqla ölkəmizin tarixi ərazilərində təhlükəsizlik təmin olundu. Qarabağın separatçılardan təmizlənməsinə, qanunsuz silahlı birləşmələrin ordumuz tərəfindən tərk-silah edilməsinə anti-Azərbaycan siyasəti aparan, erməni lobbisinə xidmət edən bəzi dövlətlər guya orada yaşayan insanlara qarşı "etnik təmizləmə" siyasəti aparıldığını, erməni əsilli vətəndaşların yaşayış yerlərindən zorla çıxarıldıqlarını bəyan edərək ölkəmizin əleyhinə qarayaxma kampaniyasına, əsassız ittihamlara başlasalar da, yalan iftira dolu faktlar öz təsdiqini tapmadı.

Qeyd edək ki, 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıldı və bu gün də reinteqrasiya portalı fəaliyyətini davam etdirir. Bundan əvvəl də dövlət başçımız dəfələrlə onların Azərbaycan vətəndaşları olaraq ölkəmizin ərazisində yaşaya biləcəklərini bildirmişdi. Antiterror tədbirlərinə gəlincə isə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin himayəsi altında, BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq Qarabağa səfər edən BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tədbirlər həyata keçirilən zaman dinc əhaliyə, mülki infrastruktura heç bir ziyanın dəymədiyini bildirdi. Bunları isə Ermənistanın özü də, bütün dünya da çox yaxşı bilir.

Hər zaman sülhün tərəfdarı olan, humanist ideyalara sadiq qalan Azərbaycan Ermənistanın ərazilərimizi 30 il işğal altında saxladığı müddət ərzində münaqişənin sülh yolu ilə həllinə çalışmış, 44 günlük müharibədən sonra da sülh danışıqlarının təşəbbüskarı olmuşdur. Bu gün də dövlətimiz beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə hörmət olunması, bir-birinə ərazi iddialarının olmamasının təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipdən ibarət sülh sazişini təqdim edərək regionda çoxdan gözlənilən sülhün, birgəyaşayışın təmin olunması üçün mühüm strategiya həyata keçirir.

Mehparə ƏLİYEVA,

"Respublika".