Ağsu: Əhalinin məmnunluğu əsas şərtdir
Region

Ağsu: Əhalinin məmnunluğu əsas şərtdir

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin yerlərdə qarşılaşdığı problem və çətinliklərin öyrənilməsi və həlli üçün kənd və qəsəbələrdə səyyar görüşlərin keçirilməsi əhalinin məmnunluğuna səbəb olur. Çünki belə görüşlərdə yerli sakinlər rayonun və müvafiq qurumların rəhbərlərinə qayğı və problemlərini çatdırır və operativ surətdə həllinə nail olurlar. Ağsu rayonunun Qaravəlli kəndində keçirilən səyyar qəbul da bu mənada diqqəti cəlb edir.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Qaravəlli kəndində təşkil olunan növbəti səyyar qəbulda əvvəlcə ölkəmizdə son illər həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıldı. R.Bağırov bildirdi ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, regionların inkişafı istiqamətində də son dərəcə mühüm işlər görülüb.

Qeyd olundu ki, rayon icra hakimiyyətində bütün iş günlərində qəbullar keçirilir və şəhid ailələri, qazilər və digər imtiyazlı şəxslər növbədənkənar qəbul olunur. Bununla yanaşı, hər həftə bir kəndə səyyar qəbul-görüşlərin keçirilməsi nəzərdə tutulub.

 Kənd sakinlərindən Tofiq Məmmədov, Xəyyam Heydərov, Kənan Məmmədov, Çingiz Qaraşov, Zaur Məmmədov, Aidə Əmirova, Ağali Nuriyev və başqaları danışaraq qarşılaşdıqları mövcud problemlərə toxundular.

Vətəndaşların müraciətlərinin bir hissəsi yerindəcə həll olundu, qalan məsələlərin həlli isə nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.