İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi kapitan Nəcməddin Savalanovun ailəsini ziyarət etdilər.
Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. 2016-cı il aprel ayının 2-də Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə ağır yaralansa da, may ayının 8-də şəhid olub. Mayın 9-da şəhid kapitan Nəcməddin Savalanov doğulduğu Göbəktala kənd qəbiristanlığında dəfn edilmişdir.
Şəhidin ailəsi ilə görüşdə RİH-in başçısı Prezident İlham Əliyevin Aprel şəhidlərinin şücaətlərini yüksək qiymətləndirdiyini, həmin döyüşləri tarixi qəhrəmanlıq adlandırdığını diqqətə çatdırdı. Qeyd etdi ki, bu döyüşlər 2020-ci ilin 10 noyabr zəfərinə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcı kimi dəyərləndirilib. Elçin Rzayev ailənin qayğıları ilə maraqlanıb, təklif və müraciətlərini dinlədi. Görüşdə Nəcməddin Savalanovun şərəfli döyüş yoluna nəzər yetirildi.
Qeyd olundu ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, kapitan Nəcməddin Savalanovun da xatirəsi daim qəlbimizdə yaşayacaq. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Ərəstun ABDULOV,
“Respublika”.