Aqrar islahat bolluq yaradır
Region

Aqrar islahat bolluq yaradır

Ağsu

Aqrar sahənin inkişafı üçün nəzərdə tutulan Dövlət proqramlarının uğurla həyata keçirildiyindən rayonun iqtisadiyyatında da inkişaf ilbəil artır. Belə ki, Ağsu rayonunda aqrar sektorda aparıcı sahələrindən biri olan heyvandarlıq yeni bir tərəqqi dövrünə qədəm qoyub. Konkret olaraq bir fakta toxunmaq istərdik. Aqrar islahat aparılan vaxt rayonda 30428 baş qara-mal, 94098 baş qoyun-keçi saxlanılırdısa, bu gün rayon üzrə əhalidə və təsərrüfat formalarında 38915 baş mal-qara, 134628 baş qoyun-keçi, 242350 baş quş mövcuddur.

İlin əvvəlindən bu vaxta qədər rayon üzrə 4289 ton diri çəkidə ət, 24824 ton süd, 10401.0 min ədəd yumurta, 326 ton yun istehsal olunub. Beləliklə də 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qarada 41 baş, xırdabuynuzlu heyvanlarda 60 baş, quşlarda 200 baş artım var. 2 ton diri çəkidə ət, 946 ton süd, 75.0 min ədəd yumurta, 4 ton yun çox istehsal edilib.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin daha da sürətləndirilməsi məqsədilə süni mayalanma işinə xüsusi önəm verilir. Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılmasına və bu sahəyə marağın gücləndirilməsinə səbəb olub. 2023-cü ilin 9 ayında 1599 baş ana heyvanda süni mayalanma aparılmış və 840 baş sağlam buzov alınıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 488 baş ana heyvanda süni mayalanma artıq aparılmış, buzovların sayı 185 baş çox olub. Süni mayalanma yolu ilə alınmış hər buzova görə fermerlərə subsidiyanın verilməsi məqsədilə məlumatlar elektron kənd təsərrüfatı informasiya sisteminə yerləşdirilmişdir.

Qeyd edək ki, aparılan baytarlıq tədbirləri nəticəsində rayonda epizootik sabitlik təmin edilmişdir. 2023-cü il ərzində iri və xırdabuynuzlu heyvanlar arasında xəstəliklərə qarşı kütləvi peyvəndləmə tədbirləri görülüb.

Rayonda aqrar sahənin inkişafında xüsusi rolu ilə seçilən "Ağsu Aqropark" 2018-ci ildən fəaliyyət göstərir və 600 baş sağmal heyvan olmaqla, illik süd istehsalı 4 milyon litr nəzərdə tutulmuşdur. Mal ətinə olan tələbatın ödənilməsi məqsədilə 1000 baş iribuynuzlu heyvan yetişdirilməsi müəssisənin fəaliyyət istiqamətlərinin tərkib hissələrindəndir. Yem istehsalında istehsal gücü saatda 10 ton olan və müasir avadanlıqlarla işləyən yeni zavod qurularaq istifadəyə verilmişdir.

M.NƏRİMANOĞLU,

"Respublika".