Aqrar sahə: Yaz-tarla işlərinin qızğın çağıdır
İQTİSADİYYAT

Aqrar sahə: Yaz-tarla işlərinin qızğın çağıdır

Qarabağ iqtisadi rayonuna daxil və ölkənin ən iri kənd təsərrüfatı məhsulları istehsalçılarından olan Ağdamda yaxşı əkinçilik ənənələri var. Münbit torpaqlardan səmərəli istifadə edilir, işgüzar insanları məhsul bolluğu yaradırlar. Vaxtilə rayonda taxılçılıq, pambıqçılıq, baramaçılıq inkişaf edib, Ağdam əkinçiləri yüz min tona yaxın taxıl, elə bir o qədər də pambıq istehsal ediblər. Eyni zamanda, Ağdam üzümçülük rayonu kimi keçmiş ittifaq miqyasında tanınıb və Ağdam brendi ilə şərab məhsulları istehsal olunub. Ağdamlı əkinçilər aqrar sahəyə göstərilən dövlət dəstəyi nəticəsində təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırır, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər. Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya verilməsi aqrar sahənin  inkişafına münbit şərait yaradır. İlin elə vədəsidir ki, əkinçilərin qayğıları artıb, yaz-tarla işlərinin qızğın çağıdır. Səhər tezdən gün batana qədər zəmilərdə, tarlalarda, bostanlarda iş gedir, fermerlər və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər. Əkinçilərin alın təri, əllərinin hərarəti ilə torpağa düşən hər toxum dənəsi sabahın bol məhsulundan xəbər verir.

Rayon statistika idarəsindən aldığımız məlumata görə, aprelin 1-dək 3382 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 550 hektarı yazlıq buğda, 242 hektarı kartof, 1929 hektarı tərəvəz, 661 hektarı yem bitkisidir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq buğda 100, kartof 0,8, tərəvəz 29, yem bitkisi 30,6 faiz artıb. Yazlıq əkinlərin 2818 hektarı və ya 83,3 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatı tərəfindən, 564 hektarı və ya 16,7 faizi isə kənd təsərrüfatı müəssisələri tərəfindən aparılıb.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də davam etdirilir. Amansız müharibənin vurduğu yaralara ləyaqətlə və mətinliklə sinə gərən Ağdam camaatı onlara göstərilən dövlət qayğısından dərin razılıq edir, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini ürəkdən bəyəndiklərini qətiyyətlə bildirirlər. Dövlət başçısının böyük diplomatik uğuru və hərbi üstünlük nəticəsində Ağdam  bir güllə atılmadan, bir nəfər şəhid vermədən işğaldan azad edildi. Məhz buna görə də Ağdamda uşaqdan tutmuş böyüyə qədər hamı ordumuzun düşmən üzərindəki tarixi qələbəsinin gətirdiyi əhvali-ruhiyyə ilə gələcək arzularla yaşayır.

Salman ALIOĞLU,

“Respublika”.