AQTA və Belarus nümayəndələri arasında növbəti görüş
İQTİSADİYYAT

AQTA və Belarus nümayəndələri arasında növbəti görüş

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında növbəti onlayn görüş olub.

21 iyun Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərdə bildirilir ki, görüş zamanı AQTA-nın əməkdaşları tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Belarus nümayəndələrinə ətraflı məlumat verilib.

Daha sonra Azərbaycana yüksək riskli qida məhsulları ixrac olunan Belarusda fəaliyyət göstərən müəssisələrin təsdiqi ilə bağlı mövcud vəziyyət və qeydiyyat məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlər barədə bir daha məlumat verilib. Bildirilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb edilən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq olunduqdan sonra icazə verilir.

“Respublika”.