AŞPA Azərbaycana təzyiq göstərə bilməz
Siyasət

AŞPA Azərbaycana təzyiq göstərə bilməz

Türkiyə

AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa dair qərar verməsi qərəz və erməni təəssübkeşliyinin nümunəsidir.

Yəni AŞPA üçün Azərbaycandakı insan hüquqları mövzusu bəhanədir və qurum bunun üzərindən Ermənistanın maraqlarını müdafiə edir. Bununla da AŞPA qurumda təmsilçilik hüququndakı bərabərlik prinsipini tanımadığını aşkar şəkildə bəyan etməkdən çəkinmir. Bu da AŞPA-nın missiyasının təhlükəsizlik, sabitlik yaratmağa xidmət etmədiyinin göstəricisidir. AŞPA üçün Azərbaycana qarşı beynəlxalq rəyi mənfiyə kökləmək prioritetə çevrilib.

Xatırladaq ki, 24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin, qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnaməyə qarşı çıxış ediblər.

"AŞPA bu gün səhvlərini düzəltmək əvəzinə, problemləri daha da böyüdür. AŞPA-nın son illər sərgilədiyi davranışı sadəcə filmlərdə görmüşük. Filmlərdə bəzən "cadı hoca" deyilən obraz olur, hər zaman "sənə cəza verəcəm" deyir. Təəssüf ki, son illər AŞPA özünü "cadı hoca"ya bənzədir və bu yolla da gedir''. Bu fikri 16 ildir Avropa Şurası Parlament Asssambleyasında (AŞPA) fəaliyyət göstərən Türkiyə nümayəndə heyətinin rəhbəri Yıldırım Tuğrul Türkeş açıqlamasında vurğulayıb. O deyib: "AŞPA bir cəzalandırma mərkəzi deyil. Burada sadəcə müəyyən məsələ ilə bağlı fikirlər müzakirə edilə bilər. Bu qurum hər hansı icraedici orqan da deyil. Biz hər il Assambleyanın yaz sessiyasında fəaliyyət göstərən nümayəndə heyətlərinin işlərinin davam etməsi ilə bağlı protokol qaydasına uyğun səsvermə keçiririk. Bu dəfə Azərbaycanın məsələsi qaldırılarkən, zalda 20-30 nəfər ayağa qalxaraq etiraz etdi. Bildirim ki, bu, edilə bilər, Azərbaycandan əvvəl də Almaniya üçün də edilmişdi. Çünki Almaniya seçkilərlə bağlı yanlışlıqlar etmişdi. Bu dəfə isə bunu Azərbaycan üçün də etdilər və 24 saat ərzində qərar verilməsi üçün məsələni komitəyə göndərdilər. İclasda 76 deputat Azərbaycanın əleyhinə səs verdi. Bununla da Azərbaycanın üzvlüyü 1 illiyə dayandırıldı. Biz Türkiyə heyəti olaraq bu qərarın ləğv edilməsi üçün orada idik, amma səsimiz kifayət qədər olmadı. Bəs Azərbaycan nə etmişdi? Onlar bildirirlər ki, Azərbaycan seçkilərlə bağlı beynəlxalq müşahidəçi qismində AŞPA-nı ölkəyə dəvət etməyib. Bir neçə dəfə müxtəlif ölkələrdə seçki prosesini izləmişəm. Qazaxıstanda, Ukraynada, həmçinin Azərbaycanda da olmuşam. Seçkilərin keçirildiyi ölkələrdə müşahidəçilər sandıqların açılmasını, səsvermənin hansı şəraitdə aparılmasını izləyirlər. İndi AŞPA Azərbaycanda seçkilərin keçirilmə formasını izləmək istəyir. Azərbaycan da haqlı səbəblərlə bu qurumu müşahidəçi qismində dəvət etməyib. Hər bir müstəqil ölkənin seçkiləri özünün daxili məsələsidir. Başqa ölkə və ya qurum buna müdaxilə edə bilməz. Sadəcə hansısa ölkədə seçkilərin daha yaxşı keçməsi üçün fikir irəli sürə bilər. Avropa Şurası Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməz. Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi almaniyalı deputat Frank Şvabe irəli sürdü. O deputatı biz çox yaxşı tanıyırıq. O, hər zaman türklərin əleyhinə çıxıb. Ona görə də bu şəxslə bağlı danışmağa heç gərək yoxdur. Azərbaycandan öncə Almaniyanın üzvlük məsələsi müzakirə olunmuşdu. Amma tez bir zamanda bu məsələni həll etdilər. Halbuki, Almaniyanın məsələsi daha ağır idi. Görünür dəyərlər fərqlidir".

Türkiyə nümayəndə heyətindən olan HDP-li deputatın Azərbaycana qarşı səsverməsinə münasibət bildirən Y.T.Türkeş vurğulayıb ki, onlar hər zaman elə olublar. Biz şəxsən onlardan xeyir gözləmirik. Onlar sadəcə özlərinə yaraşanı edirlər...

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.