Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir
Siyasət

Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının "Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi" mövzusunda ümumi müzakirələri zamanı çıxış edib. Çıxışı zamanı nazir aşağıdakı fikirləri qeyd edib.

Dünya, sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməyə davam edir. İqlim dəyişikliyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu çağırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir.

Hazırkı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır.

Artan dözümsüzlük və ayrı-seçkilik tendensiyası, xüsusən də İslamofobiya və nifrət nitqinin həyəcan verici dalğası narahatedicidir. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəliflik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır. Azərbaycan hökuməti "Bakı Prosesi" və "Mədəniyyət naminə sülh" kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edib. Artan çağırışlar fonunda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına, ayrı-seçkilik olmadan tətbiqinə söykənən BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır. Bu baxımdan, gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizamnaməsinə və çoxtərəfliliyə kollektiv öhdəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik.

Azərbaycan milli səviyyədə və Qoşulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir və beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir.

COVID-19 pandemiyasının başlamasından bəri Azərbaycan bu çağırışla mübarizə aparmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürərək, mübarizənin ön sıralarında yer alıb.

Beynəlxalq əməkdaşlıq və siyasi iştirak qadınlar və gənclər də daxil olmaqla, müxtəlif maraqlı tərəflərin cəlb edilməsini tələb edir. Azərbaycan, Şuşa Sazişinə uyğun olaraq Bakıda daimi katibliyi olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis edilməsi və Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılmasına təşəbbüs göstərməklə bunu Qoşulmama Hərəkatına sədrliyinin əsas fokusuna çevirib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının təşəbbüskarı olub.

Təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib. Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40%-ə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb.

Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib. Belə ki, ölkəmiz ənənəvi xam neft istehsalçısından etibarlı təbii qaz təchizatçısına çevrilib. Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Azərbaycan daha beş Avropa ölkəsinə təbii qaz tədarükçüsünə çevrilib. Avropanın enerji təhlükəsizliyinin misli görünməmiş çətinliklərlə üzləşdiyi bir vaxtda yeddi ölkə Azərbaycandan təbii qaz istehlak edir. Yaxın gələcəkdə bu rəqəm on Avropa ölkəsinə qədər artacaq.

Otuz ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib.

Ölkəmiz qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.

Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkilmək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu. Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi.

Azərbaycan, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir.

Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq.

Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları əməli addımlara çevrilməlidir.

Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının, o cümlədən 719 mülki şəxsin taleyi məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın dinc sakinlərinin və beynəlxalq humanitar hüququn müdafiəsi altında olan digər şəxslərin qəsdən öldürülməsini sübut edən bir neçə kütləvi məzarlıq aşkar olunsa da, Ermənistan itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaqdan imtina edir. Bu məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı barışıq və vəziyyətin normallaşdırılması baxımından vacibdir.

1987-1991-ci illərdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 300 minə yaxın azərbaycanlını öz əcdadlarının torpaqlarından zorla didərgin saldı. Ermənistandakı azərbaycanlılara aid bütün yaşayış məntəqələrinin və toponimlərinin adı dəyişdirilib, tarixi və mədəni irsimiz qəsdən dağıdılıb və məhv edilib. Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və öz vətənlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməsinə baxmayaraq, Ermənistan hökuməti onların Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququnu həyata keçirməkdən imtina edir.

Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq şəkildə və konstruktiv dialoqa açıq olaraq beynəlxalq hüququn pozulmasını qəbul etməyəcək və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcək.