Avropa üçün strateji tərəfdaş
Siyasət

Avropa üçün strateji tərəfdaş

Ölkəmizin beynəlxalq arenada artan nüfuzu onu etibarlı tərəfdaşlardan birinə çevirmişdir. Avropa ilə qarşılıqlı etimada söykənən əlaqələrin gücləndirilməsi, xarici investorların Azərbaycana artan marağı bu əlaqələri daha da genişləndirdi. Dünyada enerji resurslarının tükənməkdə olduğu bir zamanda Azərbaycanın beynəlxalq məkandakı mövqeyi möhkəmlənir. Təsadüfi deyil ki, XX əsrin sonlarından başlayan xarici əlaqələrin inkişaf xətti bu gün enerji sektoru başda olmaqla, digər sahələrdə də özünü göstərir. Ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə beynəlxalq ictimaiyyətdə geniş yer alır.

Daxili enerji ehtiyacını tam təmin edən Azərbaycan dövləti dünyanın enerji ixracatçısı kimi də qlobal məkanda əsas yer tutur. 20 sentyabr 1994-cü ildə Bakıda neft hasilatı üzrə ixtisaslaşmış, dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik 12 iri neft şirkəti arasında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən - "Azəri", "Çıraq" və "Günəşli" üç neft yatağının - birgə işlənilməsini nəzərdə tutan irimiqyaslı beynəlxalq müqavilə - "Əsrin müqaviləsi" ölkəmizin dünyada enerji təminatçısı kimi tanınmasının əsasını qoydu. Müqavilə həm də ölkəmizdə neft sənayesinin dönüş nöqtəsi və müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasında neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab edilir. "Əsrin müqaviləsi" adı ilə tarixə düşən bu beynəlxalq neft layihəsinin Azərbaycanın regionda möhkəmlənməsində müstəsna əhəmiyyəti oldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Əlaqələrin gücləndirilməsi və enerji təminatının şaxələndirilməsi çərçivəsində qaz ixracının Avropa ölkələrinə çatdırılması layihələndirildi. 2014-cü il sentyabrın 20-də təməli qoyulan "Cənub Qaz Dəhlizi" qonşu dövlətlər və Avropa ilə olan iqtisadi əlaqələri daha da gücləndirdi. 7 hökuməti və 11 şirkəti özündə əhatə edən çoxyönlü layihə bu gün beynəlxalq enerji təminatında mühüm rol oynayır. Layihənin digər bir önəmi isə Trans Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) Balkanlar və Cənub-Şərqi Avropa regionunu bir-birinə bağlamasıdır. Oktyabrın 1-də işə salınan IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də, Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək. IGB TAP-a qoşulub və onun vasitəsilə qaz "Şahdəniz" yatağından Avropa bazarlarına çıxarılır.

Təsadüfi deyil ki, dəhlizin qaz ixracının artımı və səmərəliliyin davam etdirilməsi çərçivəsində 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanmışdır. Memorandum çərçivəsində tərəflər qaz nəqlinin həcmini 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəflədilər. Memorandumun imzalanmasında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirdi ki, bu onlara Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: "Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpa edilən enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır". Prezident İlham Əliyev isə memorandumu gələcək üçün yol xəritəsi kimi qiymətləndirdi və Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq dedi ki, bu razılaşmanın da uğurlu olacağından əmindir. Ölkə başçımız həm də Azərbaycanın təkcə neft-qaz sahəsində yox, həm də külək, günəş kimi alternativ enerji mənbələrində də böyük potensialını vurğuladı.

Avropa ilə artan iqtisadi dəyərlərin formalaşması istiqamətində atılan addımlar ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycanın beynəlxalq məkanda enerji təminatına verdiyi töhfələr qarşılıqsız qalmır və iqtisadi mövqeyimizi daha da gücləndirir. Bunun nəticəsidir ki, görülən tədbirlərin davamında fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi strateji tərəfdaş olan Azərbaycanı təkcə neft-qaz ixracında yox, eləcə də, bərpaolunan enerji sahəsində önəmli oyunçulardan birinə çevirir.

Bu il yanvar ayının 30-da Budapeştdə İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü zamanı bütün Avropa üçün Azərbaycanın strateji əhəmiyyətinin vurğulanması ölkəmizin Avropadakı mövqeyini açıq şəkildə göstərdi. Baş nazir öz çıxışında bildirdi: "Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir". Qarşılıqlı əlaqələrin yüksək səviyyədə davam etdirilməsi Avropa üçün həyati önəm daşıyır. Bu isə regionda və beynəlxalq arenada öz sözünü demiş Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsidir.

Nurlan ABDALOV,

"Respublika".