Azad, abad, ay qəşəng kəndimiz...
Digər xəbərlər

Azad, abad, ay qəşəng kəndimiz...

Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işləri

Rəşadətli Azərbaycan Ordusunun bölmələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində döyüş meydanında xüsusi peşəkarlıq və igidlik göstərərək azad etdi, qəhrəman döyüşçülərimiz ən keçilməz sədləri aşaraq düşmən ordusunu darmadağın edərək onları ağır məğlubiyyətə uğratdı. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixini yazdı. Şanlı Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tutdu. Müzəffər hərbçilərimiz keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoydular. Uzun illər ərzində yurd həsrəti yaşamış insanların indi üzü gülür, sevinc çöhrələrində bərq vurur. Daha onlar qürurla addımlayırlar, gələcək haqqında düşünürlər, doğma torpaqlara səfər edirlər, bənzəri olmayan, heç bir sözlə ifadə edilməyən xoşbəxtliyə qovuşublar. Doğulub boya-başa çatdıqları kəndlərə qayıdırlar, xəyallarında yaşatdıqları gerçəkliyə qovuşurlar, övladlarına, nəvələrinə nağıl kimi danışdıqları yurd yerlərində birgə gəzirlər.

Qarabağ və Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur, çünki düşmən Ermənistan bu bölgələri xarabalığa çevirib, bütün evləri söküblər, infrastrukturu məhv ediblər, bir sözlə, daşı daş üstündə qoymayıblar. Düşmənlər azərbaycanlılara qarşı etnik nifrət nümayiş etdirərək adıçəkilən yurd yerlərimizdə bütün həyat işartılarını söndürüblər, təbiəti qəddarlıqla, vəhşiliklə yaralayıblar. On min kvadratkilometr ərazini zülmətə, sükuta, ölü zonaya çevirən düşmənin xain niyyəti bu yerlərə azərbaycanlıların qayıtmasına imkan verməmək olub. Yurd yerlərimizi viran qoyan düşmən döyüş meydanında layiq olduğu cəzanı aldı və torpaqlarımızdan qovuldu.

Müharibədən sonra keçən iki il yarım ərzində Qarabağ və Şərqi Zəngəzurda çox nəhəng və genişmiqyaslı infrastruktur layihələri icra edilir. İşğaldan azad edilən bütün ərazilərdə tikinti və quruculuq işləri sürətlə aparılır, şəhərlər, kəndlər günbəgün böyüyür və ən əsası, bu yerlərə həyat işığı, tükənməz həvəs qayıdır. İnsan əllərinin qüdrəti ilə xarabalıqların yerindən müasir və yaraşıqlı evlər baş qaldırır, Böyük Qayıdışın ilk müjdələri olan kəndlər öz sahiblərinə qovuşur. Qeyd edək ki, düşmən üzərində tarixi qələbədən cəmi səkkiz gün sonra Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənən ərazilərdə ilk infrastruktur layihələr həyata keçirilməyə başladı. İndi onların bir çoxu tamamlanıb və quruculuq işlərinin miqyası gündən-günə genişlənir. İşğaldan azad edilən yurd yerlərinə ilk qayıdış Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlandı. Sonra Zəngilan rayonunun Ağalı kəndi - analoqu olmayan, yeni və müasir bir yaşayış məntəqəsi öz sakinlərini qəbul etdi. Bu qayıdış toy-bayrama çevrilib, adamlar xoşbəxt həyata qovuşduqları üçün çox qürurludurlar. Novruz bayramı günlərində Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürüldü və yaxın zamanda yüzdən çox ailə də bu yeni qəsəbəyə köçürüləcək.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Talış kəndinə bir neçə gün əvvəl köçmüş sakinlər bayramı ilk dəfə öz doğma torpaqlarında, evlərində qeyd edirlər. Əlamətdar günlə əlaqədar kənddə gözəl bayram tədbiri təşkil olundu. Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq işləri "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Prosesin davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri davam edəcək. Bu işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub.

Ümumilikdə isə bu ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsi tikintisinin yekunlaşdırılması başa çatacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə artıq torpaq işlərinə başlanılacaq, bərpa-quruculuq işlərinə start veriləcək. Bir il, il yarım ərzində bu kəndlər də bərpa olunacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Talış kəndində olduğu kimi, digər kəndlərimizdə də sakinlər firavan həyat sürəcəklər.

Hər üç kəndin sakinləri ləyaqətli və ədalətli qayıdışın sevincini, fərəhini və qürurunu yaşayırlar və artıq öz evlərində bayramları qarşılayırlar. Minnətdarlıqla, şükranlıqla bildirirlər ki, məşəqqətli köçkün sözünün ağırlığından xilas olmuşuq, ruhumuz təzələnib, sevincdən ürəyimiz köksümüzə sığmır. Evlərimiz təsəvvür etdiyimizdən, gözlədiyimizdən də gözəldir. Bütün zəhməti keçənlərə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Bizə yeni həyat və yaşamaq eşqi bəxş etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk!

Salman ALIOĞLU,

"Respublika".