Azad Qaraqoyunlunun problemləri həll olunur
Region

Azad Qaraqoyunlunun problemləri həll olunur

Tərtər

Son 20 ildə Azərbaycanın hər yerində yüksək inkişaf və tərəqqini aydın görmək olar. Hər tərəfdə illərlə yığılıb qalmış problemlər Prezident İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları"nın uğurlu icrası nəticəsində aradan qaldırılır.

Hazırda işğaldan azad olunmuş ərazilərdə, eləcə də digər bölgələrdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr nəticəsində Azərbaycan günbəgün simasını dəyişir. Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər rayonu isə bu gün əsl inkişaf dövrünü yaşayır.

Məlumdur ki, 44 günlük Vətən müharibəsi zamanı mənfur düşmən igid Azərbaycan oğulları ilə döyüş meydanında bacarmadıqda mülki əhalini hədəf seçdi. Bir neçə yaşayış məntəqəmizi raket və digər silahlardan atəşə məruz qoydu. O zaman Tərtər rayonu ən çox dağıntıya məruz qaldı.

Rayon mərkəzi, eləcə də digər kəndlərə külli miqdarda maddi ziyan dəydi. Lakin dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq genişmiqyaslı quruculuq-abadlıq işləri aparılmaqla, çox qısa zaman kəsiyində dağıntılardan əsər-əlamət qalmadı. Tərtər müasir məkanlardan birinə çevrildi.

Rayonun ən qədim yaşayış məskənlərindən birinin - Azad Qaraqoyunlunu rayon mərkəzi ilə 14 kilometrlik müasir standartlara cavab verən asfalt yol birləşdirir. Adıçəkilən məkan rayonun inkişaf etmiş yaşayış məskənlərindəndir.

Kənd icra nümayəndəsi Nazim Xəlilovdan aldığımız məlumata görə, burada 696 təsərrüfat, 605 ev mövcuddur. Əhalinin sayı 2834 nəfər təşkil edir. Təxminən iki əsr yarım bundan əvvəl adıçəkilən məkanın Azad adlı bəyi olmuşdur. Bəy kənd üçün çox işlər görmüşdür. Kənddə məscid tikdirmiş, 4 kilometr uzunluğunda Evoğlu-Qaraqoyunlu yolunu çəkdirmişdir. Eyni zamanda kəndi suvarma suyu ilə təmin etmək üçün Tərtərçaydan su arxı çəkdirmişdir.

Məscid XIX əsrdə tikilmiş, hazırda tarixi abidə kimi qorunur. Bu gün kənd sakinləri məsciddə ibadət edirlər. Məscidin təmirə ehtiyacı olduğu üçün layihələndirmə işləri aparılmışdır. Yaxın zamanlarda binada təmir işləri aparılacaqdır. Bəyin çəkdirdiyi Evoğlu-Qaraqoyunlu yoluna asfalt örtüyü salınaraq avtomobillərin rahat gediş-gəlişi təmin olunmuşdur. Həmçinin, Tərtərçaydan çəkilən su arxları hələ də qalmaqdadır. Azad bəyin şəxsi mülkündən sovet hökuməti qurulduqdan sonra məktəb kimi istifadə olunmuşdur. Hazırda bəyin şəxsi evinin bir hissəsində 55 yerlik körpələr evi-uşaq bağçası, digər tərəfində isə ASM (Ailə Sağlamlıq Mərkəzi) yerləşir. Bina əsaslı təmir olunmuşdur.

Kənd sakinlərinin dediyinə görə, Azad ağa Şuşa xanı İbrahimxəlil xanın yaxın qohumu olmuşdur. Azad Qaraqoyunluda iki təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Elm və Təhsil Nazirliyinin xətti ilə inşa olunmuş 80 şagird yerlik ibtidai məktəb və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib istifadəyə verilmiş 320 şagird yerlik tam orta məktəb var.

Müəllim və şagirdlərin böyük sevincinə səbəb olan tam orta məktəbin 2023-cü ilin sentyabr ayında açılışı olmuşdur. Kənd sakinləri qeyd etdilər ki, ölkənin Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yenə də ənənəsinə sadiq qalaraq savadlı gənclərin yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bina 3 mərtəbədən ibarət olmaqla bütün zəruri avadanlıqlarla tam təchiz olunmuşdur.

Təhsil müəssisəsində idman zalı, akt zalı, fənn kabinələri, laboratoriyalar və başqa otaqlar fəaliyyət göstərir. Məktəb mərkəzləşmiş istilik sistemi ilə təmin olunmuşdur. Azad Qaraqoyunlu əhalisinin əsas məşğuliyyəti aqrar sahədir. Kəndin ümumi ərazisi 1127 hektardır. Bundan 950 hektar əkinəyararlı torpaqlardır.

2023-cü ilin məhsulu üçün 207 hektar buğda, 137 hektar arpa, 163 hektar pambıq əkilib-becərilmişdir. Hər hektardan 45 sentner buğda, 43 sentner arpa əldə olunmuşdur. Hazırda kənddə pambıq yığımı davam etdirilir. Kəndin suvarma suyuna olan tələbatı Sərsəng Su Anbarı və subaretizan quyuları vasitəsilə ödənilir. Lakin 30 il ərzində mənfur düşmən, təbiət gözəli Sərsəng və Suqovuşan su anbarlarını işğal altında saxlayaraq istədikləri kimi istifadə etmişlər.

Sevindirici haldır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsarətli oğullarımız işğal altında olan ərazilərimizi, o cümlədən Sərsəng və Suqovuşanı azad etdilər. Əminliklə bildirmək olar ki, növbəti illərdə adıçəkilən strateji obyektlərdən səmərəli istifadə etməklə nəinki Tərtər rayonunda, ümumiyyətlə bölgə üzrə suvarmada olan bütün problemlər tamamilə aradan qaldırılacaq.

Hazırda kənddə 25 ədəd subartezian quyusu işlək vəziyyətdədir. Subartezian quyularının bir neçəsi nasaz vəziyyətdə olmuş, bu da suvarmada çətinlik yaradırdı. Kənd sakinləri bildirdilər ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənddə səyyar qəbul keçirərkən əhalinin müraciətindən sonra aidiyyəti qurumlara quyuların işlək vəziyyətə gətirilməsi ilə bağlı göstəriş vermiş, tez bir zamanda sakinlər tərəfindən qaldırılan məsələ öz həllini tapmışdır.

Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün kənddə şəhid bulaq kompleksi inşa olunmuşdur.

Qeyd etdiyimiz kimi, Tərtər erməni terrorundan daha çox əziyyət çəkmişdir. 2016-cı ilin Aprel döyüşləri zamanı Azad Qaraqoyunluda vətəndaşa məxsus fərdi ev və Vətən müharibəsi zamanı daha bir şəxsi ev ermənilərin iriçaplı silahlardan atdığı mərmilərə tuş gəlmiş, yararsız vəziyyətə düşmüşdür. Hər iki evin yerində dövlət hesabına yeni, əvvəlkindən də yaxşı yaşayış evi tikilərək vətəndaşlara təhvil verilmişdir. Eyni zamanda Vətən müharibəsi zamanı ciddi ziyan dəymiş 3 ev əsaslı təmir olunmuş, ziyan dəymiş bir neçə evin sahibinin hər birinə min manat civarında kompensasiya ödənilmişdir.

Kənddaxili yolların 8 kilometri dövlət tərəfindən asfalt örtüyə alınmış, 4 kilometri isə kənd bələdiyyəsinin daxili imkanları hesabına hamarlanmışdır. Kənddə ASM, kitabxana, poçt, supermarketlər, kəndin çıxışında yanacaqdoldurma məntəqəsi və digər ictimai-iaşə obyektləri sakinlərə xidmət edir.

Vəli VƏLİYEV,

"Respublika".