Respublikamızda şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Azərbaycanın böyük zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidenti İlham Əliyev 8 dekabr 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun - "YAŞAT" Fondunun yaradılması haqqında Fərman imzaladı. Fond yarandığı gündən qazilərin, şəhid ailələrinin zəruri ehtiyaclarının təmin olunmasına, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə dəstək göstərir.
Bu günlərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun rəhbər şəxsləri ilə birgə qardaş Türkiyə Respublikasında müalicəsi başa çataraq vətənə dönən Vətən müharibəsi qazisi, Borsunlu kənd sakini Nəsirov Elmar Elmir oğlunu evində ziyarət etdi, sosial qayğıları ilə maraqlandı və bildirdi ki, Azərbaycan dövləti daimi onların yanındadır. Vətən müharibəsi qazisi Elmar Nəsirov onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Zabit XƏLİLOV,
"Respublika".