Azərbaycan COP29-da irəli sürdüyü təşəbbüslərlə yadda qalacaq
Ekologiya

Azərbaycan COP29-da irəli sürdüyü təşəbbüslərlə yadda qalacaq

Bu gün dünyada həyəcan təbili çalınır: "Gəlin, Yer kürəsini qoruyaq!". Görəsən gec deyilmi? Axı bəşər övladı yaranandan Tanrının ona bəxş etdiyi bu dünya evinin nemətlərindən faydalanıb mükəmməlləşdikcə, inkişaf etdikcə, kəşflərə imza atdıqca, bilərəkdən, ya bilməyərəkdən həm də ona zərbələr vurub. Ögey münasibəti, ona qarşı törədilən cinayətləri bağışlamayan təbiət indi insanlarla haqq-hesab çəkir. İqlim dəyişmələri, onun yaratdığı fəsadlar insanları çətin sual qarşısında qoyub: Dünyamızı xilas etmək mümkünmü? BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının toplantılarında da bu və ya digər suallara cavab axtarılır. COP adıyla hər dəfə müxtəlif ölkələrdə keçirilən konfransın sonuncusu, COP28 ötən ilin axırlarında Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Növbəti tədbirin keçirilməsinə ev sahibliyi etmək üçün namizədliyini geri götürən Ermənistanın ardınca Bolqarıstan da eyni addımı atdı. Azərbaycan yekdilliklə COP29-un keçirilməsi üçün ev sahibi seçildi. Bu seçim ölkəmizin qələbəsi kimi dəyərləndirilir.

Ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroru 36 il əvvəl Şuşanın Topxana meşəsindəki cinayət əməlləri ilə başladı. Bu, xalqımızın milli azadlıq hərəkatının da başlaması üçün bir təkan oldu. Xalq mərkəzdən o vaxt Topxana meşəsinin qırılmasının dayandırılmasını tələb edirdi. Təəssüf ki, ermənilərin ekoloji cinayətləri hələ də davam edir. Mayası terrorla yoğrulan hayların Qarabağı işğal etməsi dinc əhali ilə yanaşı, bitki və heyvanlar aləminin də məhv edilməsinə səbəb olub, atmosfer, su mənbələri, torpaqlar bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. Yəni regionda ekoloji tarazlıq pozulub. Əraziləri ekoloji fəlakət zonasına çevrilən Azərbaycanda isə əksinə, ekoloji problemlərin həlli hər zaman prioritet olub. Bir fakta diqqət edək: 2018-ci ildə Meşə Landşaftının Dürüstlük İndeksində Azərbaycan 6,55/10 orta balla dünya miqyasında 172 ölkə arasında 72-ci yerdə qərarlaşmışdı.

Son dövrlərdə meşələrlə bağlı aparılan qiymətləndirmənin nəticələrinə əsasən ölkəmiz 3 komponent: meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişaf göstəricilərinə görə 132 dövlət arasında 1-ci yeri tutmuşdur. Meşə sahəsinin az olmasına baxmayaraq, Azərbaycana belə yüksək qiymət verilməsi təbii ki, sevindirici haldır.

Qiymətləndirmə zamanı yeni meşə əkinlərinin sayəsində meşə ilə örtülü ərazilərin sahəsinin 11,4 faizdən 11,8 faizə çatdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məsələlərinə diqqət yetirilib.

Hələ keçmiş SSRİ-nin əksər respublikaları kimi, Azərbaycanda da iqtisadi inkişafın genişlənməsi ətraf mühitin çirklənməsinə səbəb olmuş, ekoloji tarazlıq tədricən pozulmuşdu. Hökumət ətraf mühitin mühafizəsini artırmağı, təbii sərvətlərdən səmərəli istifadəni təmin etməyi qarşısına məqsəd qoymuş, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra mühüm qanunlar və Dövlət proqramları qəbul etmişdi. Neft tullantıları, çirkab suların axıdılması, havanın kəskin çirkləndirilməsi, kənd təsərrüfatında pestisid və gübrələrin həddən artıq çox işlədilməsi ekoloji problemlərin həllini bir az da çətinləşdirmiş, daha doğrusu müşkülə çevirmişdi. Ekoloji problemlərin əsasında isə ən çox qlobal iqlim dəyişmələri və onun yaratdığı fəsadlar durur. İqlim dəyişmələri isə qlobal istiləşmə səviyyəsinin artmasına, torpaqların deqradasiyasına, onun səhralaşmasına, biomüxtəlifliyin azalmasına gətirib çıxarır.

Bütün dünyanı, o cümlədən ölkəmizi narahat edən qlobal problemlərdən biri də torpaqların deqradasiyasıdır. Bu isə zəncirvari bir prosesdir. Yəni deqradasiya torpaqların eroziyasına, şoranlaşmasına və nəticədə səhralaşmaya səbəb olur. Səhralaşma zamanı məhsuldarlıq aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qum fırtınaları yaşayış yerlərinə doğru "hərəkət" edir, nəticədə yoxsulluq, aclıq, xəstəliklər baş verir.

Bu gün səhralaşmanın arealı sürətlə genişlənir: bir dəqiqə ərzində 20 hektar münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Bəzi məlumata görə, planetimizdə 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalıb. Bu, Avropanın ərazisindən üç dəfə böyük, Yer kürəsi sahəsinin dörddəbiri qədərdir. Təbii ki, səhralaşma ölkəmizdən də yan keçməyib. Bu proses əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən də antropogen amillərin təsiri nəticəsində baş verir, Abşeron yarımadası, Kür-Araz ovalığı, Naxçıvan Muxtar Respublikası regionlarını əhatə edir.

Səhralaşma ərzaq qıtlığının yaranmasına əsas amildir. Ölkəmizdə ərzaq təhlükəsizliyinə nail olmaq üçün hökumət iki mərhələdən ibarət strategiya həyata keçirir: qısamüddətli və ortamüddətli keçid tədbirləri görülür. Kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılması, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiyası isə uzunmüddətli tədbirlər sırasına daxildir.

Göründüyü kimi, iqlim dəyişmələrinin təsirləri təsəvvür etdiyimizdən də ağırdır. Bu səbəbdən də ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar kontekstində ölkəmiz iqlim dəyişmələri çərçivəsində yeni çağırışlara hazırdır. Bu, xüsusi nəzarətə götürülüb. Son 30 ildə dünyada ekoloji tarazlığın qorunması, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla fəaliyyəti nəticəsində ciddi irəliləyişlər əldə olunub. Ancaq Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklər ekologiyamıza sağalmaz yaralar vurub. Dövlət başçısının dediyi kimi: "Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib və o torpaqlar yenidən həyata qaytarılmalıdır". Əlbəttə, Azərbaycan bu istiqamətdə böyük işlər görür. Ermənistan tərəfindən xarabazarlığa çevrilən, ölkəmizin ən gözəl regionlarından sayılan Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox əhəmiyyətlidir.

Azərbaycanın COP29-a ev sahibi seçilməsi ən ədalətli qərardır. Şübhəsiz ki, ölkəmiz bu etimadı doğruldacaq. Neft və qaz ölkəsi olmasına, 30 il müharibə şəraitində yaşamasına, torpaqlarının 20 faizinin çirkləndirilməsinə baxmayaraq, bütün bunlara qarşı ciddi mübarizə aparan ölkəmiz öz təşəbbüsləri ilə yenə də seçiləcək, təbiətə laqeyd, ögey münasibət bəsləyənləri yaşıl dünya naminə həmrəy edə biləcək. Çünki dünyamızı həmişə yaşıl görmək istəyirik.

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib: "Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda bildiyiniz kimi, COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir...".

Zümrüd QURBANQIZI,

"Respublika".