Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə çatacaq
Ekologiya

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.