Azərbaycan Mühəndislik Akademiyası Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına üzv seçilib
Elm və təhsil

Azərbaycan Mühəndislik Akademiyası Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına üzv seçilib

Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına (World Federation of Engineering Organizations - WFEO) oktyabrın 13-də keçirilən İcraçılar Şurasında və oktyabrın 14-də keçirilən Baş Assambleyanın iclasında gizli səsvermə yolu ilə yekdilliklə tamhüquqlu üzvü seçilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan bu böyük uğura Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin dəstəyi ilə və akademiyanın əməkdaşlarının zəhməti nəticəsində nail olub. Mühəndislik Akademiyası bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın yerləşdiyi coğrafiyada və Yaxın Şərqdə yeganə təşkilatdır.

Mühəndislik peşəsi üçün ən yüksək orqan olan Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) UNESCO-nun himayəsi altında 1968-ci ildə yaradılıb. Federasiya 100-dən çox ölkəni və 30 milyona yaxın mühəndisi təmsil edir.

WFEO - Birləşmiş Millətlər Təşkilatı tərəfindən elm və texnika sahəsində aparıcı qeyri-hökumət təşkilatı kimi tanınan mühəndisliyin beynəlxalq səsidir. O, elm və mühəndislik sahəsində əsas qlobal problemləri həll etmək üçün, xüsusilə mühəndislik vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə kömək üçün UNESCO da daxil olmaqla BMT orqanları ilə sıx əməkdaşlıq edir.

Azərbaycan Mühəndislik Akademiyasının WFEO ilə əməkdaşlığı sahəsində mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənərək, akademiyanın nailiyyətləri daha da artacaq, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək və hüdudları digər akademiyalarla genişlənəcək. Bu nailiyyət aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nəticələrini bölüşmək, aktiv müzakirələr aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı platformadır.