Azərbaycan Ordusunun Qələbə izi ilə...
Digər xəbərlər

Azərbaycan Ordusunun Qələbə izi ilə...

Dan yeri söküləndə Bakıdan Laçına yola düşürük. Qəhrəmanlar, ərənlər, qartallar yurduna! İllərlə ayrı düşdüyüm özümdən özümə - Laçına yola düşürəm.

Özümdən ayrı düşən Özümü axtarmağa gedirdim. Ora xatirələrimi axtarmağa, zamanında çata bilmədiyim arzularımı gur selinin ağuşuna alıb dünyaya səpələyən Həkərimlə dərdləşməyə gedirdim. Qubadlıda döyüş yoldaşlarımı, silahdaşlarımı, səngərdə son tikəmizi yarıya qədər böldüyümüz dostlarımı xatırlamaq üçün gedirdim. Kəndimizin qəhrəman şəhidlərinin unudulmayan xatirəsini əbədiləşdirmək üçün gedirdim qəhrəmanlar yurduna. Öz boyumdan böyük, çəkimdən artıq yük sallanmışdı çiynimdən. Bu günə qədər laçınlı olaraq laçınsız qaldığım acı xatirələrimlə baş-başa qalmışdım. Axı ordan başlayırdı mənim üçün dünya - Laçından, Minkənddən...

Yox, daha bu düşüncələrdən qaçmaq, o fikirləri qovmaq lazımdır başımızdan, birdəfəlik... Necə deyərlər, Azərbaycan Ordusunun düşməni torpaqlarımızdan birdəfəlik qovduğu kimi...

Ali Baş Komandanın Azərbaycan adına dünyada açdığı yeni səhifələr, dünyanın heyrət edib həsəd apardığı Prezident İlham Əliyev, Xalq, Ordu birliyinin gücü qarşısında darmadağın olmuş düşmənin bugünkü rəzil durumunu xatırlayıram. Qürur duyuram Prezidentimlə, ordumla, əsgərimlə, zabitimlə, qəhrəmanlarımla. Bu qələbədə heç vaxt unutmayacağımız, Azərbaycan var olduqca adları yaşayan şəhidlərimizin surəti gözümün önündən bir-bir keçir... Nəhayət, "sənədlərinizi verə bilərsinizmi, müəllim", - deyə mənə yaxınlaşıb müraciət edən ucaboy, mədəni və qarayanız idmançı cüssəli polis nəfərinin səsi məni baş-başa qaldığım xəyallardan ayırdı...

Azərbaycan Ordusunun azad etdiyi torpaqları görmək, yollarını qət etmək, onların izi ilə getmək, açdığı cığırlarla yola düşmək şükürlər olsun ki, bizə də nəsib oldu. Polis postunda yoxlamadan keçəndən sonra həyəcan başladı.

Laçın yenidən qurulur...

Cəbrayıl, Zəngilan və Qubadlıdan keçib Laçına doğru irəliləyirik. Nəhayət ki, Laçın görünür, sanki özünü cənnətdə hiss edirsən. Laçında işıqlı, gözəl və adama ruh verən bir mənzərə ilə qarşılaşırıq. Adamlar iş başındadır. Ev tikən, yol çəkən hər kəs səfərbərdir, işğaldan azad etdiyimiz ərazilərin yenidən qurulması üçün. Şirkətlərin sayı-hesabı bilinmir. "Laçın Abadlıq" MMC-nin rəhbəri Nəsimi Əsədovla əlaqə saxlayırıq. Ona Minkənddə 19 nəfər qəhrəman şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gəldiyimizi bildiririk. O, bizim qalmağa yerimizi və sabah mənzilbaşına aparacağımız yükün nəqliyyatını da təşkil etməyə söz verir. Nəhayət, maşın və digər ehtiyaclar da həll olunur. Üzü Minkəndə doğru gedirik. Bizimlə üç maşın hərəkət edir. Bir maşında Rüfət Səfərov və Xaliq Allahverdiyev. Digər maşında Namiq və Ceyhun. İkinci qrup Qarabağ əlili Vaqif Yusifov, Elnur Quliyev və mən isə Vaqif Yusifovun maşınında yolumuza davam edirdik. Yollar enli, rahat. Görmədiyimiz bir yoldur. Əvvəllər bu yolla 2 saat yarıma Minkəndə gedə bilirdiksə, indi 40 dəqiqəyə mənzilbaşına çatdıq. Bu barədə ayrıca....

Bu millətin ruhunu özünə qaytaran qəhrəmanlar

44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərinin nəticəsində işğaldan azad olunmuş torpaqları görmək çox qürurvericidir. Bundan gözəl hansı duyğu ola bilər?

Əvvəlcədən işimizin ehtiyatını tutmuşduq. Yol ehtiyatı da qaydasında idi. Ən vacibi gecələməyə yerin olmasıydı. Bir nəfər mənə "Qalaça" kəndində böyük bir yol idarəsinin olduğunu demişdi, hətta telefon nömrəsini də yollamışdı. Kəndə yaxınlaşanda yolun kənarında qum-çınqıl yığıldığını gördük. Maşınlar növbə ilə yüklənirdi, bütün bunları siyahıya alan hündürboy adama yaxınlaşdıq və yaxınlaşdıqca onun dostum Eldəniz olduğunu gördüm. Vaqif də onu tanıyırdı. Bu görüş çox şeyi həll elədi, qalmağa yer və digər ehtiyacları. Dostum Eldəniz də Emin müəllimin haqqında çox yaxşı danışdı. Nəhayət, Emin müəllimin yanına gəlib ona bizim məqsədimiz barədə məlumat verdim. Emin müəllim "şəhidlər bizimdir, nəyə ehtiyacınız varsa, hamısını həll edəcəyik. Onlar şəhidliyi və qaziliyilə bu millətin ruhunu yenidən özünə qaytaran qəhrəmanlarımızdır", - deyərək bizdən ayrılır.

"Northwest Construction" MMC şirkəti Laçın yollarını abadlaşdırır, 600 km uzunluğunda hərbi təyinatlı və digər yolların genişləndirilməsi, yenidən qurulması və s. işlərin öhdəsindən uğurla gəlir.

19 şəhid, 19 qəhrəman

Minkənd Laçın rayonunun ən böyük və qədim kəndidir. Laçın rayonu üzrə ilk dəfə 1890-cı ildə Rus-Tatar-Azərbaycan məktəbi tikilib. Böyük ziyalılar yetişdirən bu məktəbin yetirmələri dövlətimizin inkişafına xüsusi töhfələr veriblər. Birinci Qarabağ savaşında 45 nəfər könüllü olaraq müharibədə iştirak edib, 19 nəfər şəhid verib.

44 günlük Vətən müharibəsində 42 nəfər bu və ya digər formada döyüşdə iştirak edib, 32 nəfər cənab Prezidentin fərmanı ilə medallarla təltif edilib. Bir nəfər qazidir…

Viran qalmış kəndin girişindəki təpəciyin başına qalxırıq. Kəndi seyr edirəm. Kəndin bir hissəsini buradan görmək olur. Oxuduğum məktəb, Şahmar müəllimin bizi maarifləndirən nəsihətləri, Aydın müəllimin şirin söhbətləri, Hava müəllimin səhnələşdirdiyi "Qacar"ı, şəhid İsa müəllimin, Əkbər müəllimin, Əsəd müəllimin, Qara müəllimin, Əli müəllimin, Bakir müəllimin söhbətləri lent kimi bir anlıq xəyallarımda canlanırdı. Maarif və Varaşil müəllimi xüsusilə xatırlayıram…

Atam Əyyub müəllimin qurub-yaratdığı evi viran görüb daha da məyus oluram. Məhləni, bulaqları, dağları, çayı gördükcə hər şeyi yavaş-yavaş xatırlayır, bölüşəcəyin adamların həyatda olmadığını yada salanda paramparça olursan.

Bax budur, 31 il xəyallarımızın, evlərimizin, gəncliyimizin dağıldığı yer. İndi Kamran müəllimin yoğun və xırıltılı səsi, Qədir müəllimin aramla söylədiyi şeiri, xeyriyyəçi Ramiz Nəcəfovun çəkdirdiyi suyu və digərlərini xatırladıqca, insan çox sarsılır.

Bir vaxtlar bu evdə 8 uşaq dünyaya gəlmişdi. Evin qabağındakı divarda birinci mənim, onun altında isə qazi qardaşım mərhum Elnur Mehdiyevin adını görürəm və onu necə yazdığımızı xatırlayanda həyat mənim üçün sanki dayanırdı. İndi nə atam var, nə də anam. Usta Bəylərin evimizi necə inşa etdiyini göz önünə gətirirəm. Yerə çökür, haray çəkir, için-için hıçqırırdım…

Allah ölənlərə rəhmət eləsin!

Nəhayət, "Daş" körpüdən keçib gedirik Abadxeyirə. Əhliman kişinin kahalarının yanından ötüb yaxınlaşırıq Vaqif Nəcəfovun kahalarına. İndi bu sadaladıqlarımdan yalnız sular və dağlar var. Bir də onlardan qalan xatirələr.

Subut MEHDİYEV.