Azərbaycan - sosial-iqtisadi rifah ölkəsi
İqtisadiyyat

Azərbaycan - sosial-iqtisadi rifah ölkəsi

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi islahatlar modelinin sayəsində Azərbaycan aqrar- sənaye respublikasına çevrilmişdir. Bu sahədə  aparılan meqa işlər ölkəmizin gələcəyini formalaşdırır.  Son illər sürətli inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqtisadi baxımdan dünyanın qüdrətli ölkələri səviyyəsinə yüksəlib. Mövcud sosial-iqtisadi inkişafın sağlam dayaqlar üzərində qurulması, uzun illər ərzində Azərbaycanın əldə edəcəyi uğurlardan xəbər verir.

Ötən ilin yekunlarına nəzər salsaq görərik ki, ölkəmizin tərəqqi və inkişaf məkanı olması reallığı bir daha öz təsdiqini tapıb. Prezident İlham Əliyevin 2021-ci ildə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalaması prosesə əsaslı təkan vermişdir. 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil oldu. Yeni mərhələdə qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun əsas sosial-iqtisadi istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Qeyd edək ki, 2021-2030-cu illəri əhatə edən milli prioritetlər hədəflərə nail olmaq üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrdə ölkəmizlə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. Bundan öncə 2012-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası” təsdiq edilmişdir.

2024-cü ildə sosial islahat siyasətinin davam etdiriləcəyi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də özünü göstərir. Ölkə başçısının imzaladığı qanunla Fondun büdcəsi 10 faizdən çox artırılaraq 6.92 milyard manat səviyyəsində müəyyən edilib ki, bu da 100 minlərlə pensiyaçının gəlirinin artmasına səbəb olacaq. Belə ki, ötən il orta aylıq əməkhaqqında 11,3 faiz artım qeydə alınıb. Yəni bu o deməkdir ki, mövcud tendensiya dəyişməyəcəyi halda, artıq 2024-cü ilin yanvar ayında pensiyalar 11 faiz indeksasiya olunacaq. Xatırlatmaq yerinə düşər ki, ölkə başçısının 5 yanvar 2023-cü il tarixli müvafiq sərəncamına əsasən ötən il yanvarın 1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırılmışdı. Eyni zamanda müavinət və təqaüdlər də artırılmışdı. Ümumiyyətlə, son beş ildə dördüncü sosial paketin icrası təkcə neft deyil, dövlət büdcəsinə qeyri-neft sahələri üzrə gəlir və vəsait daxilolmaları hesabına həyata keçirilmişdi.

2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ÜDM istehsal olunub ki, nəticədə neft-qaz sektorunda əlavə dəyər 1,6 % azaldığı halda, qeyri-neft-qaz sahəsində 3,2 % artıb. Ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub. 2022-ci ilin eyni dövründə bu rəqəmlər 18 milyard 318 milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil edib. 2025-ci ildə Azərbaycanın xarici dövlət borcu 6,5 milyard dollar səviyyəsindən aşağı olacaq. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Bu çərçivədə Prezident İlham Əliyev qeyd etmişdir: “İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə Ümumi Daxili Məhsulumuzun cəmi 9-10 faizini təşkil edir”.

Beynəlxalq iqtisadi ekspertlərin proqnozlarına görə, ölkə iqtisadiyyatının hələ bundan sonra da əsaslı inkişafı təmin ediləcək. Xatırladaq ki, 2022–ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat olmuşdur. Bununla yanaşı, Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatına əsasən, Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Bu inkişaf tempi onu deməyə əsas verir ki, artıq Azərbaycan orta yüksək gəlirli statuslu ölkələr sırasındadır və milli iqtisadi strategiyasını öz gücü və imkanları hesabına həyata keçirir.

Nurlan ABDALOV,

“Respublika”.