Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanıb
Digər xəbərlər

Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyasına başlanıb

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 30 ukraynalı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib.Daha sonra uşaqlar üçün Bakı şəhərinə qısa tanışlıq turu təşkil edilib. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı əldə ediblər.

Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.Düşərgə iştirakçıları Şamaxı, Qəbələ, Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək. 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

M.MUSTAFAYEV,

“Respublika”