Tarixi ənənələr yaşadılır
Digər xəbərlər

Tarixi ənənələr yaşadılır

Böyük tarixə malik xalqlardan biri olan türklərin hələ daş dövründən bəri mövcud olduqları iddia edilir. Orxon yazılarında işlədilən qədim türk dili xalqın və dilinin qədim tarixə malik olduğunu təsdiqləyir. Bu gün dünyada bu dildə danışan insanların sayı 200 milyondan çoxdur. Böyük Hun imperiyasından Uyğur xaqanlığına qədər uzanan bu nəslin əsas məskunlaşma yeri Orta Asiya göstərilir. Dərin və səmimi dostluq əlaqələrinə, açıq ürəyə sahib olan bu millət daha sonralar da öz köklərinə hörmətlə yanaşıb. Belə ki, türk dövlətləri keçmişdən gələn ədəbi-mədəni, iqtisadi, ticari əlaqələrini hələ də davam etdirir.

Hazırda rəsmən müstəqil olan 6 belə ölkə var. Buraya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Türkiyə daxildir. Onlardan 5 dövlət uzun illər keçmiş SSRİ-nin tərkibində olub, müttəfiqlik edib. Türkiyə isə Osmanlı imperiyasının süqutundan sonra 29 oktyabr 1923-cü ildə paytaxt Ankara olmaqla respublika elan edilib. Türk dövlətlərinin həmrəyliyi hər zaman dünya ölkələrinə nümunə olub.

Xalqlar arasında münasibətlər bir neçə əsr əvvələ gedib çıxan uzun tarixə malikdir. Türk dövlətləri oxşar milli adət və ənənələrə, eyni zamanda ortaq dil, mədəniyyət və dinə malikdir. 1930-cu illərin amansız repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında təhlükəsizlik axtarıb. 1966-cı ilin aprelində baş vermiş dəhşətli zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlıların böyük rolu olub. Müstəqillik dövründən sonra isə Azərbaycanla Özbəkistan arasında diplomatik və ikitərəfli siyasi əlaqələr qurulub. Prezident İlham Əliyev 1919-cu il oktyabrın 14-də Bakıda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə deyib: "Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik".

Bu nöqteyi-nəzərdən mart ayında Füzulidə Qazaxıstan tərəfindən tikiləcək "Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi"nin təməlqoyma mərasiminin keçirilməsi mədəni əlaqələrin inkişafının sübutudur. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək mərkəzin layihəsi ilə tanış olublar: "İndicə Qazaxıstanın Azərbaycana hədiyyəsinin - işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir", - deyə Prezident qeyd edib.

Mərkəz Qazaxıstanın "Bİ-Group" Holdinqi tərəfindən inşa olunur. Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 23-də Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Məktəb Özbəkistan Prezidenti tərəfindən hədiyyə olaraq inşa edilib. Qardaş ölkə Türkiyə tərəfindən də azad olunan ərazilərdə bərpa işlərinə xüsusi diqqət ayrılıb.

Azərbaycan Respublikasının Orta Asiya türk dövlətləri ilə əlaqələri ildən-ilə inkişaf edir və möhkəmlənir. Qazaxıstan, Özbəkistan və Türkmənistanla əlaqələrin inkişafı bu xalqların milli-mənəvi mənafelərinin, birliyinin daha da möhkəmlənməsinə kömək edir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olan bütün türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi artıq praktiki məsələlərdə öz səmərəliliyini nümayiş etdirir.

Türk dövlətləri arasında həmişə səmimi olan münasibətlərin inkişafı, strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi xalqların dövlət başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin nəticəsidir. İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra ölkələr arasında əlaqələrin ritorikası daha da artıb. Prezidentlərin səfərlərinin sıxlığı, eləcə də əldə edilmiş razılaşmalar əsasında tərəflərin birləşməsi xalqlarımız arasında çoxsaylı sahələrdə inkişaf edən və dərinləşən əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırıb. Əminliklə deyə bilərik ki, dost və yaxın olan bu xalqlar arasında yaranmış səmimi münasibət bundan sonra da sürətləndiriləcək və yeni inkişaf yolları müəyyən ediləcəkdir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".