Bakı Metropoliteni – 56
Gündəm

Bakı Metropoliteni – 56

Keçmişə dərin ehtiram, gələcəyə böyük ümidlə

Bakının ictimai sərnişin nəqliyyatının tarixi XIX əsrin sonlarına gedib çıxır. Bu gün paytaxtın fəaliyyətdə olan kütləvi sərnişindaşıma sistemində elektriklə hərəkətə gətirilən əsas nəqliyyat vasitəsi 56 il bundan əvvəl 5 stansiya ilə işə başlayan metropolitendir.

Bakıda metronun tikintisinə 1949-cu ilin aprelində başlanıb. Tikintiyə rəhbərlik etmək üçün Moskvadan göndərilən mütəxəssislər qrupuna SSRİ-də metro tunellərinin layihələndirilməsi və tikintisi üzrə ən yaxşı mütəxəssislər Aleksandr Denişşenko, Qriqori Lebedev başçılıq edirdilər. Həmin il Leninqradın, Moskvanın, Xarkovun, Minsk və Kiyevin, Tbilisinin dəmir yolları institutlarının məzunları ilk əmək fəaliyyətlərinə Bakı metrosunun tikintisindən başladılar. Yerli mütəxəssislərin hazırlanması üçün 1950-ci ildə Bakı Politexnik İnstitutunda Körpü və tunel tikintisi fakültəsi yaradıldı. Mühazirələri moskvalı mütəxəssislər oxuyurdular. 1952-ci ildə isə Azərbaycanın ilk tunel tikintisi mütəxəssisləri "Bakımetrolayihə"yə və "Bakımetrotikinti" idarəsinə göndərildilər. Avqust ayında birinci növbənin tikintisinin texniki-işçi layihələri üzərində işlər başladı. Altı stansiya və bir depodan ibarət tras müəyyən edildi. Bu, Bakı Metropoliteninin birinci növbəsinin birinci buraxılış sahəsi idi.

Ümumiyyətlə, layihəçi və inşaatçılar arasında qarşılıqlı razılıq əsasında hazırlanan layihədə Bakı metrosunun tikintisi 4 növbəyə bölünürdü. 3 buraxılış sahəsindən ibarət birinci növbə "Bakı Soveti"ndən başlayıb, "Neftçilər"də bitir. 2-ci növbəyə "Nizami" stansiyasından sonrakı 4 stansiya "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi" daxil idi. 3-cü növbənin 3 stansiyasına "Xalqlar dostluğu", "Əhmədli", "Həzi Aslanov" aiddir. Şimal sahəsinin "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları 4-cü növbəyə daxil edilmişdi.

"Bakı Soveti" və ona bitişik tunellərin tikintisi üçün meydança İçərişəhərin qala qapısı yanında yaradıldı. Orada dağ-mədən avadanlığı quraşdırıldı, 2 transformator, kompressor otaqları, qazmaçılar üçün əmək və məişət şəraiti yaradıldı. İkinci belə meydançanın yaradılması 26 Bakı Komissarı bağının yaxınlığında planlaşdırıldı. Burada 2 ayrı müstəqil elektrik mənbəyindən qidalanan 2 komplekt transformator yarımstansiyası nəzərdə tutulmuşdu. Qazma işlərinə və tunel tikintisinə zəngin təcrübə əldə etmiş moskvalılar rəhbərlik edirdilər. Amma bir müddətdən sonra yerli qazmaçılardan Ağa Mirzəyevə, İlahəddin Cavadova, Hümmət Məmmədova briqadirlik həvalə edildi.

Qazmaçılar böyük ruh yüksəkliyi, coşqunluqla yeraltı süxurları yara-yara irəliləyirdilər. Lakin 1953-cü ildə Moskvadan tikintini dayandırmaq, hazır tunelləri konservasiya etmək göstərişi gəldi...

Tikintidə fasilə 7 ilə qədər davam etdi. İşlər yenidən bərpa olunduqdan sonra bir çoxları metro tikintisi meydançalarına qayıda bilmədilər. Onlar başqa sahələrə keçmiş, özlərini artıq fərqli sahələrdə tapmış, bəziləri isə sənətlərini də dəyişmişdilər. Bu da ilk vaxtlar kadr məsələsində müəyyən çətinliklər yaradırdı. 1961-ci ilin aprel ayında "Bakıtuneltikinti"yə görkəmli neft mühəndisi, neft sənayesi qurğuları tikintisi üzrə mütəxəssis və dövlət idarəçiliyi sahəsində çalışmış Əlövsət Əbdülrəhimovun rəis təyin olunması ilə nəinki kadr məsələləri həll edildi, hətta yeni rəis tunelqazma işlərində üzə çıxan bir çox çətinlikləri neft quyularının qazıntısında istifadə olunan üsulların tətbiqi ilə aradan qaldırmağın yolunu göstərdi. Mürəkkəb hidrogeoloji şəraitdə qazma işlərinin suyun səviyyəsini aşağı salmaq və yüksəktəzyiqli havanın tətbiqi ilə birlikdə aparılması onun təklifi idi. "Xətai" stansiyasının tikintisi zamanı baş verən qəzadan sonra ittifaqın tunel mütəxəssisləri qazmanı dayandırıb həmin sahədən vaz keçməyi məsləhət bilmişdilər. Amma Ə.Əbdülrəhimov bu fikirlə razılaşmadı. Onun təklifi ilə ətraf layların neft mədənlərindəki kimi sementlənməsi nəticəsində tunel xilas edildi.

Metronun birinci növbəsinin ilk buraxılış sahəsinin istifadəyə verilməsinə çox az bir müddət ayrılmışdı. Əvvəlki layihələrdə dəyişikliklər edildi. Dörd il ərzində inşaatçılar 10 km-ə yaxın tunel, 4-ü dərin olmaqla 6 yeraltı stansiya tikdilər. Bu, əsl qəhrəmanlıq idi. Birinci növbənin birinci buraxılış sahəsinin 5 - "Bakı Soveti", "26 Bakı komissarı", "28 Aprel", "Gənclik" və "Nərimanov" stansiyası 1967-ci il noyabrın 6-da istifadəyə verildi.

Uzunluğu 2.3 kilometr olan ikinci buraxılış sahəsinin "Nizami" stansiyası və bitişik tunellərin qazıntısı zamanı hidrogeoloji şəraitlə bağlı ortaya çıxan problemlər inşaat işlərinin ardıcıllığında dəyişikliklər edilməsi zərurətini yaratdı. Yeraltı yolları bu halda gündən-günə böyüməkdə olan "8-ci kilometr" yaşayış sahəsinə yönəltmək daha məqbul hesab edildi. Həmin dövrdə respublikaya rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyev tikintinin gedişi ilə yaxından maraqlanır, onun sürətləndirilməsi üçün əlindən gələni edirdi. Məhz həmin dövrdə bu gün şəhərin tıxaclarının yeganə nəqliyyat nəfəsliyi olan və şəhər üçün əhəmiyyəti gündən-günə artan metropolitenin inkişaf tarixi başlandı.

Bu sahənin birinci stansiyası 1970-ci ilin 17 aprelində istifadəyə verildi. Ulu Öndərin iştirakı ilə açılan ilk stansiyadan sonra metro "8-ci kilometr" qəsəbəsinə gəlib çatdı. Buradakı 3 stansiya - "Məşədi Əzizbəyov", "Avrora" və "Neftçilər" 1972-ci il noyabrın 6-da istifadəyə verildi. Açılış münasibətilə Bakı sakinlərinin iştirak etdiyi toplantıda Heydər Əliyev inşaatçıların bu əməyinə yüksək qiymət verdi.

Bundan sonra birinci növbənin ikinci buraxılış sahəsinə qayıtmaq olardı. Burada qarşıya çox ciddi çətinliklər çıxsa da, inşaatçılar vəzifələrini uğurla yerinə yetirdilər. Ən böyük çətinlik yeraltı yolların şəhərin köhnə yaşayış ərazilərindən, əhalinin sıx məskunlaşdığı sahələrdən keçməsi ilə bağlı idi. Belə yerlərdə tunelqazma işlərinin aparılması daha böyük peşəkarlıq, mürəkkəb qazma texnologiyalarından istifadə tələb edirdi. Burada qazma prosesində yeraltı suların yaratdığı maneələri keçmək üçün süni surətdə yaradılan yüksək təzyiq üsulundan istifadə edildi. Uzunluğu 2,3 km olan tunellər təhvil verildi. 1976-cı ilin 30 dekabrında rəmzi açılış lenti Heydər Əliyev tərəfindən kəsilən stansiya dahi Azərbaycan şairi, Şərq poeziyasının günəşi Nizami Gəncəvinin şərəfinə adlandırıldı. Bakı metrosunun bu stansiyası bir çox təsnifatlandırmada dünyanın ən gözəl stansiyaları reytinqinə daxil edilib. Stansiyanın orta zalını bəzəyən Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərindən ibarət pannolar gözəlliyi ilə şəhərimizə gələn turistlərin diqqətini cəlb edir. Mikayıl Useynov və Mikayıl Abdullayevin müəllifi olduğu sənət əsəri kimi tarixə düşsə də, Heydər Əliyevin bu əsərin ərsəyə gəlməsində xüsusi rolu oldu.

Ulu öndər tez-tez stansiyada memarlarla görüşüb fikir mübadiləsi aparır, təkliflər verir, əsərlərin yaranmasında xüsusi rəy verən mütəxəssis kimi çıxış edirdi. Məhz rəhbər-mütəxəssis işbirliyi, həmfikirliyi sayəsində bu tarixi, milli-mədəni memarlıq nümunəsi-dünya metropolitenlərinin ilk Şərq incisi yarandı.

Bundan sonra yeraltı xətlər Şimal-Şərq istiqamətində uzadılmalıydı. Bu, artıq tikintinin 2-ci növbəsinə aid idi. Oradakı 4 stansiyanı da hasilə gətirmək asan olmadı, hətta inşaatçılar əvvəlki sahələrdəkindən də böyük çətinliklərlə üzləşdilər. "Elmlər Akademiyası" ilə "İnşaatçılar" arasındakı tunelin qazıntısı zamanı yeraltı sular hər şeyi məhv etdi. İnsanlar canlarından başqa heç nə götürməyə macal tapmadan qazma sahəsini tərk etdilər. Dağ-mədən avadanlığı 250 metrə yaxın hazır tunel hissəsilə birlikdə məhv oldu.

Trasın yeni layihə üzrə davam etdirilməsi ancaq süxurun maye azot məhlulu ilə dondurulması sayəsində mümkün ola bilərdi. Azot istehsalı sahəsində o vaxtlar çətinliklər var idi. Heydər Əliyev həmin illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı. Amma Bakı metrosunun tikinti məsələlərindən uzaq deyildi, işlərin gedişilə mütəmadi olaraq maraqlanır, tikintinin sürətini ləngidən bütün əngəllərin aradan qaldırılmasına kömək edir, tikinti materialları, xüsusən də tunel örtüyü üçün çuqun tübinqlərin Bakıya vaxtında çatdırılmasını nəzarət altında saxlayırdı. Azot məhlulu məsələsini də o, qısa zamanda həll etdi. Tunelin qazıntısı yeni istiqamətdə davam etdirildi.

Başqa bir gözlənilməz hadisə "İnşaatçılar" stansiyasının tikintisi zamanı baş verdi. Ətraf evlərin nasaz su kəmərlərindən, kanalizasiya xətlərindən sahəyə yol tapan sızıntılar stansiyanın çalasını çökdürdü. Bütün bu hallar inşaatçılar tərəfindən dəf edildi, Ulu Öndərin dəstəyi bu zaman da öz sözünü dedi. Nəhayət, 1985-ci ilin 31 dekabrında uzunluğu 6.5 kilometrə bərabər yeni sahə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" (ovaxtkı "XI qızıl ordu meydanı") stansiyaları istifadəyə verildi.

Bakı Metropoliteninin tikintisində sovet erası 1989-cu il aprelin 28-də "Xalqlar dostluğu" və "Əhmədli" stansiyalarının istifadəyə verilməsilə başa çatdı.

Müstəqilliyin ilk illərində tikintinin tamamlanmayan bəzi işləri davam etdirildi. "28 May" stansiyasının yenidən qurulması planına görə "Cəfər Cabbarlı" keçid stansiyasının tikintisi başa çatdırıldı. "Həzi Aslanov" stansiyasının tikintisi Ulu Öndər Heydər Əliyevin dünya siyasəti meydanındakı nüfuzu nəticəsində Avropa Bankının ayırdığı vəsait hesabına davam etdirildi. Stansiya 2002-ci ilin sonunda istifadəyə verildi.

Ümumiyyətlə, bu işlərin tamamlanması məhz Moskvada çalışdığı illərdə Heydər Əliyevin verdiyi dəstək, xüsusən Bakıya çatdırılan çuqun tübinq, armatur və digər məhsullar sayəsində təmin olunmuşdu.

Bu il oktyabrın 15-də Heydər Əliyev irsinin varisi cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ili tamam oldu. Ulu Öndərin Bakı Metropoliteninin gələcəyi barədə vəsiyyətləri, tapşırıqları ölkədə iqtisadi yüksəlişin ilk göstəricilərinin özünü büruzə verməsilə sənayedə sürətli inkişafın başlanğıc mərhələsində yerinə yetirilməyə başladı.

Vaqon parkının yenilənməsi üzrə Heydər Əliyevin başladığı işin davamı olaraq 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. Hələ 1990-cı illərin sonlarında Rusiyanın "Metrovaqonmaş" İstehsalat Birliyi Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə bu müəssisənin genişləndirilməsi, istehsal gücünün artırılması üçün etdiklərinə hörmət əlaməti olaraq Bakı Metropoliteni üçün Rusiyanın daxili bazar qiymətləri ilə vaqon istehsal etməyə razı olmuşdu. Bu anlaşma nəticəsində 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon alındı.

2006-cı ildən yeni xətlərin tikintisində də canlanma başlandı. Dövlət başçısının ayırdığı vəsait hesabına Şimal sahəsində Sovet dövründən yarımçıq qalmış işlər tamamlandı. 2008-2011-ci illərdə Yaşıl xəttin "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları sərnişinlərin ixtiyarına verildi. Respublika Prezidentinin 18 mart 2011-ci il tarixli "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiq edildi.

2011-ci ildə müstəqillik tarixində metropolitenin ilk xəttinin inşası üzrə işlər başlandı. 2016-cı il aprelin 19-da xəttin ilk iki stansiyası "Avtovağzal" və "Memar Əcəmi" Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açıldı. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, onun sərkərdəlik məharəti nəticəsində qazandığımız qələbə şərəfinə "8 Noyabr" adlandırılan 3-cü stansiya 2021-ci il mayın 29-da açıldı. Bənövşəyi xəttin sonuncu stansiyası "Xocəsən" isə bu il dekabrın 23-də 1 yaşını qeyd edəcək. Həmin gün eyniadlı depo da qismən fəaliyyətə başlayıb. Dünya standartlarına uyğun ən müasir idarəetmə sistemləri ilə təchiz olunması, stansiyaların sərnişin platformalarının 7 vaqonlu qatarların qəbulu üçün hesablanması Bənövşəyi xəttin stansiyalarının əsas özəlliklərindəndir. Hazırda tikinti işləri Heydər Əliyev adına idman-konsert kompleksinin arxasında Bənövşəyi xəttin sayca 5-ci, layihə adı "B-04" olan stansiyasında davam edir. Stansiyanın 2025-ci ildə istismara qəbul olunacağı gözlənilir.

Bakı Metropoliteni sürətlə inkişaf edən Bakının memarlıq rəmzlərindən əsas nəqliyyat arteriyalarından biri kimi qalmaqla yanaşı, inkişaf yolundadır. Yeni nəsil qatarlar ən müasir standartların tələblərinə cavab verir. 2017-ci ildən qatarların bütün növ təmiri yalnız Bakıda aparılır, onlar həm də ən müasir texnologiyalar tətbiq edilməklə modernləşdirilir. Bu gün vaqon təmiri bazası tamamilə yenidən qurulub və tam avtomatlaşdırılmaqdadır. Cari təmir, təmir-qulluq-baxış sahələri, elektrik mühərriklərinin təmiri kimi sahələr, tamamilə yenidən qurulan depo yolları, burada quraşdırılmış və gələcəkdə CBTC sistemlərinin bazası olan "ox sayğacı" sistemi, unikal layihə əsasında tikilmiş qatarların idarə edilməsi sahəsi, yeni elektrik yarımstansiyaları "Nərimanov" elektrik deposunun imkanlarını xeyli gücləndirib, əsaslı səmərəyə nail olunub.

Müasir dispetçer mərkəzinin yaradılması və daha bir yeni layihə əsasında onun ən müasir standartlar səviyyəsində yenidən qurulması üzrə aparılan işlər hərəkətin təşkilində tamamilə yenilənmiş standartlara doğru addımlardır.

Metropolitenin havalandırması, onun idarəetmə texnologiyaları, metodları, iş rejimi tamamilə yenidən qurulub. Mikroiqlim nəzarəti bazası yenilənib. Metropoliten bu gün dəmir-beton blokları istehsal etməyə başlayaraq yeni xətdə tikilən mənzillərlə yanaşı, ağac şpalların əvəzinə onların Yaşıl və Qırmızı xətlərdə də tətbiqinin genişləndirməkdədir. Metro mütəxəssislərinin unikal layihəsi əsasında hazırlanmış diaqnostika kompleksi bu gün metropolitenin bir çox sərgi və tədbirlərdə qürurla nümayiş etdirilən vaqon-laboratoriyasıdır.

Fiberoptik kabelləşmənin bütün metropoliten xətləri boyunca aparılması isə Bakı Metropoliteninə yeni idarəetmə mexanizmlərinin sürətli tətbiqinə yol açıb. Bu gün bütün əsas proseslər mərkəzləşmiş qaydada məhz bu xətlər vasitəsilə qurulur.

Elektrik yarımstansiyalarının mərhələli şəkildə yenilənməsi müasir dövrün artan elektrik tələbatı şəraitində daha bir uğurlu nailiyyətdir. Dizel-generatorların tətbiq olunması isə Bakı Metropoliteninin enerji təhlükəsizliyinin başlıca qarantıdır. Bu, şəhərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə, metropolitenin bütün infrastrukturunun, xüsusən minimal tələblər səviyyəsində qatarların fəaliyyətini təmin edəcək.

Bir sözlə, 56 yaşını qeyd edən Bakı Metropoliteni gələcəyə böyük ümidlə addımlayır.

Bəxtiyar MƏMMƏDOV,

"Bakı Metropoliteni" QSC-nin

Mətbuat xidməti və ictimaiyyətlə

əlaqələr şöbəsinin rəisi.