Beynəlxalq Şuranın direktoru:
Siyasət

Beynəlxalq Şuranın direktoru: "Nanterdə baş verən hadisələr Fransa hökumətinin ədalətsiz siyasətinin nəticəsidir"

"Son bir ildə Fransada iyirmiyə yaxın insan polisə tabe olmaqdan boyun qaçırması səbəbindən güllələnərək öldürülüb"

Bunu ölkənin Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan bildirib.

O qeyd edib ki, Fransanın Nanter şəhərində baş verən hadisələr hökumətin ədalətsiz siyasətinin nəticəsidir.

E.Gozlan adıçəkilən şəhərdə 17 yaşlı yeniyetmənin qətlə yetirilməsi ilə polisin peşəkarlıq baxımından ciddi səhvə yol verdiyini söyləyib: "Fransa qanunlarına əsasən, polisə yalnız özünə, yanında olan digər həmkarına və ətrafdakı insanlara təhlükə yarandığı halda silaha əl atmağa icazə verilir".

Onun sözlərinə görə, insanların qəzəbinə səbəb təkcə yeniyetmənin ölümü yox, həm də polislərin yalan iddialar irəli sürməsi olub: "Belə ki, polislər Nahel və dostunun avtomobili onların üzərinə sürdüklərini iddia etsələr də, video görüntülər bunun əksini göstərib. Beləliklə, nəticədə polisin yalanlarının üstü açılıb. İnsanların qəzəbinə səbəb həm də məhz bu saxta iddialar idi. Son hadisələr insanların artıq bezdiyini nümayiş etdirir. Yeniyetmənin polis tərəfindən güllələnməsi onların səbir kasalarını doldurub. Xüsusilə burada söhbət bir polisdən deyil, ümumilikdə bütün polislərdən gedir. İnsanların fikrincə, polis son hadisə zamanı səhvini ört-basdır etmək üçün yalana əl atıbsa, demək, polislər daha əvvəl baş vermiş oxşar insidentlər zamanı da saxta iddialar irəli sürüblər. İnsanlar belə düşünməkdə haqlıdırlar".

E.Gozlan vurğulayıb ki, Paris ətrafı şəhərlərdə böyük problemlər var: "Bu ərazilərdə xırda etnik və dini azlıqlar getto halında təcrid olunmuş şəkildə yaşayırlar. Belə ki, bu ərazilərdə narkotik vasitələrin alveri halları, həmçinin işsizlik baş alıb gedir. Lakin hökumət bu məsələlərə göz yummaqla sosial sahədə sülh yaratmağa çalışır. Hökumət bu məsələyə bu günə qədər ədalətsiz münasibət göstərib. Nəticədə vəziyyət bugünkü həddə gəlib çatıb".

Məlumat report.az saytında yayımlanıb.