Brüssel görüşünün gizlinləri - ABŞ və Aİ-nin “inkar
Siyasət

Brüssel görüşünün gizlinləri - ABŞ və Aİ-nin “inkar" taktikası

Brüsseldə keçirilən məlum 5 aprel görüşü əslində beynəlxalq ictimaiyyəti aldatma cəhdidir.

Baş nazir Nikol Paşinyanın Aİ və ABŞ-ın hərbi "təhlükəsizliklə" bağlı təkliflərini qəbul etməsi, iqtisadi sahədə bəyan edilən imtiyazlardan daha çoxunun "əl altından" ötürülməsi Cənubi Qafqaza təsirlərin artmasına, yad qüvvələrin maraqları daxilində psevdodövlət olan Ermənistandan "maşa" kimi faydalanma cəhdlərinə təkan verir.

Ermənistan-Avropa İttifaqı-ABŞ üçlüyünün qaranlıq planlarının rəsmi Bakı tərəfindən ifşa olunması "soyuq duş" effekti yaratdı. Yayılan sənədlərlə bağlı təfərrüatlar ABŞ və Aİ-nin yeni cəbhə planını ortaya qoyur. Baxmayaraq ki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarında Brüssel görüşünün əks təsirlərindən söhbət açmayıblar, amma rəsmi Bakı pərdəarxası məqamların ifşasına nail olub.

Məlum faktların ortaya çıxmasından sonra ABŞ-ın canına sözün əsl mənasında "vəlvələ" düşüb. Məhz mövcud sənədlə bağlı ABŞ Dövlət Departamentinə göndərilən sorğuya verilən cavabın zəif olması, əsassız inkarlar və təkziblərin mövcudluğu bunu deməyə əsas verir: "Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib". Yəni məkrli qüvvələr beynəlxalq ictimaiyyəti Ermənistana sadəcə 300-400 milyon ABŞ dolları yardım paketi verilməsinə inandırmağa çalışırlar. Xatırladaq ki, 5 aprel görüşünün gizlinləri məhz Ermənistan nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində də əsas müzakirə obyekti olub. Zəncirvari xarakter daşıyan hadisələrə nəzər yetirmək kifayət edir ki, yayılan sənədin reallığı tam təsdiq olunsun.

Əslində bununla rəsmi Bakının imperativlərinin nə qədər doğru və yerində olduğu bir daha aşkara çıxır. Anti-Azərbaycan dairələrinin ölkəmiz üçün "yersiz narahatlıq" adlandırdığı 5 aprel görüşünün əsl mahiyyəti təkcə Cənubi Qafqazı yox, bütün qonşu dövlətləri yaxından maraqlandırmasıdır. İlk növbədə haylara verilən imtiyazların əsas hədəfi Rusiyadır. Ermənistanın bu kirli oyundan gözləntisi isə Azərbaycana qarşı üstünlük əldə etməkdir. Bunun üçün artıq Rusiyanın təsir mexanizmlərinin Ermənistanda ləğvi müzakirə mövzusudur. Məlumdur ki, kollektiv Qərb öz maraqlarını rəsmi Moskvanın nüfuzunun güclü olduğu Ermənistanda tam həyata keçirə bilməz. Bu səbəbdən həm orduda, həm də sosial-iqtisadi sahədə rəsmi İrəvan antirus siyasəti aparır. Xüsusilə hərbi sahədə NATO standartlarına uyğunlaşma Ermənistanın əsas hədəfidir ki, bu da KTMT-yə üzv olan bir dövlətdə olduqca böyük problemlər yarada bilər. Elə bu səbəbdən artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduran haylar Qərbə "yaşıl işıq" yandırıblar. Hətta Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxarılması məsələsi ətrafında da intensivlik müşahidə olunur. Paşinyan rejimi həmin ərazidə keçirilən mitinqlərə arxalanır. İctimai qınağı əlində bayraq edərək 102-ci bazanın fəaliyyətini ölkədə dayandırmaq hədəflənir. Bununla yanaşı, 2020-2024-cü illərdə Ermənistana silah tədarükü ilə bağlı müqavilələrdə Rusiyanın payının 96 faizdən 10 faizə qədər azaldığı açıqlanmışdı.

Yeni havadarlarının haylar üçün vədlərinə paralel rəsmi İrəvandan da "fədakarlıq" gözlənilir ki, bu da şübhəsiz, Rusiyanın orbitindən tam çıxmaqdır. Buna görə Avropa İttifaqı hayların Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin qoşunlarının Zvartnots beynəlxalq hava limanından, Ermənistan-İran sərhədindən və bütün digər beynəlxalq sərhəd məntəqələrindən çıxarılması barədə qərarını dəstəkləyir. Rusiya sərhəd qoşunlarının strateji mövqelərdən uzaqlaşdırılması kollektiv Qərbin və ABŞ-ın Ermənistanda təsirinin genişlənməsinə şərait yaradacaq ki, bu da Rusiyaya qarşı yeni cəbhə planının reallaşması üçün önəmli addım hesab olunur.

Ermənistanın xüsusilə hərbi sahəni daha çox ön planda tutması revanşizmlə birbaşa bağlıdır. 44 günlük Vətən müharibəsində məğlubiyyətin ardınca diplomatik sferada da geriyə otuzdurulan haylar məhz kollektiv Qərbin və rəsmi Vaşinqtonun əli ilə yenidən dirçəlməyə çalışırlar. Məhz bu çərçivədə Ermənistanın NATO ilə tərəfdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Fərdi Tərəfdaşlıq Proqramı (PARP), Əməliyyat İmkanları Konsepsiyası (OCC), Xarici Hərbi Maliyyələşdirmə proqramı (FMF) kimi mexanizmlərlə hayların "özünümüdafiə" qabiliyyəti artırılır. Hətta bu çərçivədə ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə erməni hərbçiləri ABŞ hərbi akademiyalarında təlim keçəcəklər. Təlim taktiki və əməliyyat planlaşdırmasından tutmuş logistika və strateji idarəetmə kurslarına qədər geniş mövzuları əhatə edir. Bununla yanaşı, Aİ Ermənistandakı missiyasının (EUMA) uzunmüddətli mövcudluğunu təmin etmək və missiyaçıların sayının artırılması hesabına onun funksiyalarını genişləndirmək üçün əməkdaşlıq edəcək. Bütün bunlar Ermənistanın NATO ölkələrinin tamhüquqlu hərbi bazasına çevrilmək potensialına malik olmasına xidmət edir. Missiya heyətinin əhəmiyyətli dərəcədə artırılması və onun funksiyalarının genişləndirilməsi buna əyani misaldır. Ermənistana ayrılan "yardım" paketində texniki ekspert dəstəyi məsələsi də nəzərdə tutulur. Bu da Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin əməliyyat imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə gətirib çıxaracaq. Bir sözlə, Aİ-Ermənistan kiber dialoqu Ermənistanın regional maraqlarına birbaşa xidmət edəcək.

Rəsmi İrəvan Cənubi Qafqazda "odla oynayır". Qərbin pikant vədlərinə arxalanaraq, revanşizm xülyasına qapılan haylar məğlubiyyəti unutmaq istəmirlər. Baş verən proseslər ilk növbədə daxili xaosu oyandıra bilər. Rusiyanın təsir dairəsindən çıxıb Qərbin tasmasını taxmaq yaxın dövr ərzində təhlükəsiz görünsə də kollektiv Qərbin və rəsmi Vaşinqtonun vədlərinə sonacan sadiq qalması məsələsi mümkün görünmür. Ən azından beynəlxalq təcrübədə bunun ekvivalenti yoxdur. Digər tərəfdən qlobal güclərin qucağına sığınıb hegemoniya sərgiləyənlərin aqibəti isə bəllidir.

Nurlan ABDALOV,

"Respublika".