Bu ilin səkkiz  ayında  daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,3  faiz  çoxdur
İqtisadiyyat

Bu ilin səkkiz  ayında  daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,3  faiz  çoxdur

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir   ki, qurum  tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində 337.787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz   çoxdur. 2023-cü ilin 8 ayı üzrə göstəricinin 53.117-si (15,7%) ilkin, 284.670-si (84,3%) isə təkrar qeydiyyatın payına düşür.

2023-cü ilin yanvar-avqust ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35.111-i fərdi yaşayış və bağ evi, 63.705-i mənzil, 231.406-sı torpaq sahəsi, 2.106-sı qeyri-yaşayış binası, 4.910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 66.775-i   Bakının qalanı isə bölgələrin payına düşür.

8 ay ərzində 273.750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8% çoxdur. 2023-cü ilin 8 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4% artaraq 54.074 təşkil edib.

Nəriman  Cavadov,

“Respublika”.