Bakı-Supsa inkişaf edən faydalı əməkdaşlığın təməli
İqtisadiyyat

Bakı-Supsa inkişaf edən faydalı əməkdaşlığın təməli

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təbii sərvətimiz olan neft ölkənin inkişafında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının bir hissəsini ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. "Əsrin müqaviləsi" adlanan bu dövlət sənədində bir neçə neft boru kəmərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulurdu. Bakı-Supsa neft kəməri də bunlardan biridir. Məhz Azərbaycanda hasil edilən neft Gürcüstandan keçən və dünya bazarlarına nəql olunan kəmər haqqında müqavilə 1996-cı ilin 6 martında Tbilisidə imzalanıb. Uzunluğu 830 km, illik ötürmə qabiliyyəti 5,1 milyon ton, gündəlik ötürmə gücü 115 min barel neft olan bu kəmərin dəyəri 565 milyon ABŞ dollarıdır. Bununla yanaşı, boru kəmərinin tam gücü ilə işləməsini təmin etmək məqsədilə Supsada hər birinin tutumu 250 min barel olan 4 terminal da tikilərək istifadəyə verilib. 1997-ci il 12 noyabr tarixində ilk neft Azərbaycanın "Çıraq" neft yatağından Supsaya göndərilib. Ümummilli lider Heydər Əliyev bu önəmli hadisəni qeyd etmək məqsədilə dənizdə tikilən platformaya baş çəkib. Burada çalışan azərbaycanlılarla yanaşı, xarici neftçilərlə də görüşüb.

Ulu öndərin müəllifi olduğu neft strategiyası Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünyaya qovuşmasının rəmzidir. Elə bu məqsədlə də 1999-cu il 29 dekabr tarixli Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olundu. Əməli fəaliyyətə isə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlayıb. Uzaqgörən siyasətçi çox gözəl bilirdi ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqil Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edəcək. Şübhəsiz, tarix ümummilli liderin haqlı olduğunu bir daha sübut etdi.

Həm xarici neft şirkətləri, həm də ölkəmiz üçün iqtisadi baxımdan sərfəli olan Bakı-Supsa neft kəmərindən söz açarkən deyə bilərik ki, siyasi sabitliyin təmin olunmasında onun özünəməxsus yeri var. Daşınma tariflərinin xeyli aşağı olmasına görə kəmər Şimal marşrutu ilə müqayisədə rəqabət qabiliyyətini ciddi şəkildə artırırdı. Bəzi hesablamalara görə, neftin Bakı-Supsa kəməri ilə ixrac edilməsi o zamankı qiymətlərlə Azərbaycana ildə 70-100 milyon dollar qənaət etməyə imkan yaradırdı.

O dövrdə Bakı-Supsa Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın zirvəsi hesab edilirdi. Lakin bu gün ölkəmizin həmin neft kəməri ilə neft ixracı xeyli azalıb. Buna səbəb 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsidir. 2022-ci ilin may ayında Rusiya-Ukrayna müharibəsi səbəbindən fəaliyyəti tam dayandırılmış bu kəmərlə ay ərzində nəql olunan, təqribən, 3 milyon barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Lakin ötən ilin fevralında qısa müddətə bərpa edilərək Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan çıxarılan neftin nəqli bu ixrac marşrutu ilə davam etdirilib. Bu da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda bu ölkənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması ilə əlaqədar baş verib. Həmin vaxt Supsa limanından Azərbaycan nefti yüklənmiş bir neçə tanker dünya bazarına göndərilib.

Ölkəmiz üçün əsas gəlir mənbələrindən biri olan neft sektoru sürətlə inkişaf edir, bu məqsədlə bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq qurulur. Azərbaycan regionda bu sahədə əsas aktordur.

Röya RÜSTƏMLİ,

"Respublika".