İqtisadiyyat

"Səma Azərbaycan üçün sərhəd deyil"

Böyük Britaniyanın məşhur "BBC Future" saytında Azərbaycan haqqında analitik məqalə yerləşdirilib. "Səma Azərbaycan üçün sərhəd deyil" başlığı altında yayımlanan məqalədə ölkəmizin bir çox sahələrində görülən işlər, beynəlxalq arenada əsas aktor olmağımız qeyd edilib. Ümumiyyətlə, "BBC Future" siyasi məsələlərə qarışmadan dövlətlərin təbii sərvətləri, texnoloji gücləri, xüsusi keyfiyyətləri haqqında yazılar hazırlayır. Məqalənin girişində qeyd edilib: "Neft və təbii qaz hasilatı sahəsində zəngin tarixə malik Azərbaycan artıq neft boru kəmərləri və neft emalı zavodları vasitəsilə dünyanın əksər hissəsini bir-birinə birləşdirir. "Azərkosmos" isə telekommunikasiya peykləri vasitəsilə dünyanı birləşdirmək üçün yer hüdudlarından kənara çıxır. Peykləri artıq orbitdə mövcud olan kosmik agentlik ölkəni yeni sektorlar arasında daha geniş şəkildə birləşdirəcək və onu kosmik bazarda müxtəlif potensial qlobal müştərilərə açacaq yeni təşəbbüslər üzərində işləyir".

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib. Bundan sonra ardıcıl olaraq 2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-cü ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb. Ölkəmizdə digər sahələr kimi, kosmik nəzəriyyə də öz inkişafını açıq şəkildə göstərir. Məqalədə də qeyd edilir ki, ölkəmiz bu sektorda ciddi addımlar atır, yeni xarici bazarlara çatmaq üçün işlər görür. Ötən aylarda paytaxtda baş tutmuş "İnkişaf etməkdə olan Kosmik Ölkələr üçün Çağırışlar və Potensial İnkişaf İmkanları" mövzusunda seminarda iştirak edən Beynəlxalq Astronavtika Federasiyasının (İAF) icraçı katibi Kristian Feixtinger jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda güclü kosmik ekosistem yaradılıb, eyni zamanda Kosmik Agentlik fəaliyyət göstərir. Xüsusi vurğulamaq lazımdır ki, bir neçə il əvvəl "Azərkosmos" sadəcə peyk operatoru kimi fəaliyyət göstərirdi, lakin hazırda requlyator rolunu oynayan Kosmik Agentlikdir. Beynəlxalq Astronavtika Federasiyasının icraçı katibi həmçinin deyib: "Son illər Azərbaycan kosmik tədqiqatlar, kosmik texnologiya sahəsində çox sürətlə inkişaf edir. Hesab edirəm ki, Azərbaycan bu seminarda bütün aparıcı kosmik agentliklərin, özəl şirkətlərin iştirakından yararlanaraq kosmik sahədə inkişafı daha da dayanıqlı şəkildə həyata keçirəcək. Bu konfrans proqramı olduqca zəngindir. Hər bir iştirakçı üçün maraqlı məqamlar olacaq. Xüsusilə qeyd etmək istərdim ki, çalışırıq gənc nəsli bu sahəyə cəlb edək. Belə ki, iştirakçıların yarısından çoxu gənclər olacaq". Qeyd edək ki, 50 il sonra yenidən ölkəmizdə keçirilən bu görüşdə 130-dan çox ölkə iştirak edib. Bundan başqa, konfrans Avrasiyanın inkişaf etməkdə olan ölkələrindəki 55 təşkilatın Beynəlxalq Astronomiya Federasiyasına (IAF) qoşulması üçün başlanğıc olub. Burada, həmçinin aparıcı kosmik şirkətlərə Avropa, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiyadan olan potensial iştirakçılarla görüşmək imkanı da verilib.

Şübhəsiz ki, kosmik sahə üzərində görülən işlər gələcəyə böyük yatırımdır. Buna əsasən də işçi qüvvəsi indidən yetişdirilməli, gənclər bu sahəyə daha çox cəlb olunmalıdır. Bu baxımdan kosmik təhsilin önəmi olduqca yüksəkdir. Buna görə də ciddi addımlar atılmalıdır. Həmçinin qeyd edək ki, "Azərkosmos" ildən-ilə öz xidmətlərinin ixracını artırır. Bu il "Azərkosmos" ASC tərəfindən 30 ölkəyə 30 milyon ABŞ dollarından çox xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Ölkəmizin xidmət göstərdiyi əsas ölkələr siyahısında isə ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri durur.

Məqalənin davam edən hissəsində qeyd edilib: "Hazırda ölkədə bütün peyklər yalnız azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və Azərbaycan 2023-cü ilin sonuna qədər 3000 yeni insanı işə cəlb etməklə, İT məzunlarını iki dəfə artırmaq üçün "Technest" Təqaüd Proqramını hazırlayıb".

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramının əsas məqsədi ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqramın rəsmi saytından azərbaycanlı gənclər rahatlıqla qeydiyyatdan keçə və təqaüdlə bağlı şanslarını sınaya bilərlər. Bunun üçün bir neçə mərhələdən keçməlidirlər. Belə ki, onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələləri uğurla keçmiş namizədlər və yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları təqaüddən yararlanmaq hüququ qazanır.

Məqalənin sonunda qeyd edilib ki, Azərbaycan quruda, dənizdə, yerdə və kosmosda bu cür imkanlardan istifadə edərək gələcəyin dünyasının yaradılmasında daha da mühüm rol oynamağı özündə ehtiva edir. Şübhəsiz ki, bu tipli araşdırma məqalələrinin dünyaca məşhur saytlarda dərc edilməsi müsbət haldır.

Töhfə SƏMƏDOVA,

"Respublika".