Cəbrayılda hər qarış torpaq canlanır
Sosial həyat

Cəbrayılda hər qarış torpaq canlanır

Uzun illərin yurd həsrətinə cəmi 44 gündə son qoyuldu. Vətən müharibəsində qazandığımız şanlı qələbə torpaq itkisini Zəfər sevinci ilə əvəz etdi. Böyük çətinliklərdən şərəflə, qəhrəmanlıqla keçdik. Müharibə bitdi, fəsadları isə hələ də davam edir. İşğaldan azad edilən torpaqlarda irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Qarşıda duran yeganə maneə düşmənin illərlə basdırdığı minalardır ki, bu gün aparılan işlərin sürətinə təsir edir. Azərbaycan dövləti bu problemin də öhdəsindən öz gücü ilə gəlir. Minalardan təmizlənən ərazilərdə, müasir və modern üslubda kəndlər, şəhərlər inşa edilir. Böyük Qayıdış planına uyğun olaraq illərlə yurd həsrəti çəkən insanlar doğma ocaqlarına qayıdırlar. Zəngilanın Ağalı kəndindən başlayan köç karvanları bu gün bütün Qarabağı əhatə edir.

İşğaldan azad edilən Cəbrayıl rayonunda da tikinti-quruculuq işləri aparılır. İlin sonuna kimi rayona sakinlərin köçü həyata keçiriləcək.

Azərbaycanın səfalı guşələrindən biri olan Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə yaradılıb. 4 yanvar 1963-cü ildə Füzuli rayonuna birləşdirilsə də, 17 iyun 1964-cü ildə yenidən ayrılıb. Rayon Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. İşğal dövründə digər ərazilər kimi, burada da bütün infrastruktur, evlər, yaşayış binaları, məktəblər, ictimai binalar dağıdılıb, yerlə-yeksan edilib. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilib. Məhz erməni işğalından ilk azad olunan şəhər Cəbrayıl olub.

Hazırda şəhərin mərkəzində salınan kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. İnşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün yaşayacaq. Beləliklə, Cəbrayıl şəhərinin sakinlərinin də yurd həsrəti sona çatacaq.

2023-cü ilin may ayında təməli qoyulan Xudafərin qəsəbəsində işlər böyük sürət və keyfiyyətlə aparılır. Keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etmək məqsədilə "dayanıqlı kənd", "yaşıl enerji" və "dayanıqlı nəqliyyat" yanaşmaları əsas götürülüb. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən burada 149 ev tikiləcək. Birinci mərhələdə 20 evin inşası və 77 sakinin köçürülməsi nəzərdə tutulur. Xudafərin qəsəbəsində yaşayış binaları ilə yanaşı, məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina, mədəniyyət evi, "Karvansaray" hotel və icma evi də inşa ediləcək.

Mayın 18-də Cəbrayıl rayonuna səfər edən Prezident İlham Əliyev rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoymuşdur. Tikinti-bərpa işlərindən sonra həmin kəndlərə ümumilikdə 3193 sakinin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. Ümumi sahəsi 362 hektar ərazini əhatə edən kənddə evlər iki, üç, dörd və beş otaqlı olacaq. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib.

Karxulu kəndi 313 hektar ərazini əhatə edir. 2040-cı ilədək kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə bloklu evlərin tikintisi nəzərdə tutulur. İki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. Sarıcallı kəndinin ümumi sahəsi 330 hektar təşkil edir. Bu kənddə də iki tam orta məktəb və 4 uşaq bağçası layihələndiriləcək. Yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılacaq.

Maşanlı kəndinin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Kənddə 2360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən burada 50 hektar ərazidə 944 sakin üçün 236 fərdi ev tikiləcək. Tikinti işləri aparılan bütün kəndlərdə inzibati bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi, mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Bununla da Cəbrayıl rayonuna və kəndlərinə sakinlərin köçürülməsi prosesi öz axarında davam edəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".