ŞƏHİDLİK ZİRVƏSİ
Sosial həyat

ŞƏHİDLİK ZİRVƏSİ

Günəşli kəndi Lənkəran-Astara yolunun üstündə yerləşir. Gözəl, füsunkar təbiətə malikdir. Kənddə Tumarxan kişini hamı halal, zəhmətkeş, xeyirxah insan kimi tanıyır. Gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Bəsti xanımla üç oğul, bir qız böyüdüblər.

Ailənin sonbeşiyi Vüqar 1994-cü il dekabr ayının 10-da dünyaya gəlib. Qayğısız uşaqlıq illəri doğma kənddə keçib. 2011-ci ildə Günəşli kənd tam orta məktəbini bitirib.

2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə nümunəvi əsgər kimi tanınıb, hörmət və nüfuz qazanıb. Ordudan tərxis olunduqdan sonra Lerik rayon polis şöbəsinin nəzdində yaradılmış ictimai polisin sıralarında ilk əmək fəaliyyətinə başlayıb. Sonra Bakıda qardaşı Famillə mebel sexində fəhlə işləyib. Valideynlərinə, ailənin qayğılarının həllinə köməklik edib.

Nəhayət, arzuladığı gün gəlib çatır. Vüqar 2020-ci il sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə müraciət edərək qeydiyyatdan keçir və müharibəyə yollanır.

Ağcabədi rayonunda hərbi təlim keçib Füzuli, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə fədakarlıq, hünər göstərir. Hər dəfə şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad etdiklərini görəndə sevinir, ürəyi fərəhlə dolur. Atası Tumarxan kişiyə, bacısı Rəmziyyəyə zəng edib deyir ki, çox az qalır, tezliklə torpaqlarımızı mənfur düşməndən təmizləyib evə qayıdacaqdır. Sonuncu dəfə noyabrın 2-də valideynləri ilə danışıb, narahat olmayın, hər şey qaydasındadır, - deyib.

Noyabrın 6-da Şuşa ətrafında döyüşlər gedirdi. Düşmənin atdığı mərmi nəticəsində cəsur əsgər ürəyindən və boynundan yaralanır. Şuşanı azad görmək arzusu ilə əbədiyyətə qovuşur. Döyüş yoldaşları Vüqarın qisasını alır, cəmi iki gün sonra Şuşada üçrəngli bayrağımız dalğalanır. Şəhid Vüqar Mövlanovun nəşi doğulduğu Lerik rayonunun Günəşli kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır.

Vüqar Tumarxan oğlu Mövlanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Leriklilər şəhid övladının xatirəsini daim əziz tuturlar. Hər il Vüqarın anım mərasimləri keçirilir, xatirəsi böyük ehtiramla yad edilir. Şəhadətinin üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri toplaşmışdı.

Günəşli kənd qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidi Vüqar Mövlanovun məzarı önünə gül dəstələri düzüldü, ruhuna dualar səsləndi və əziz xatirəsi ehtiramla yad edildi.

Əlisəfa HƏSƏNOV,

"Respublika".